Quba rayonunda 63 yaşlı kişi nəvəsinə xəsarət yetirib.
Bakıvaxtı.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə bu ilin yanvarın 2-də Quba şəhərində baş verib.
1963-cü il təvəllüdlü Kərəm həmin gün saat 11 radələrində yaşadıqları evdə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı nəvəsi Oğuzu (adlar şərtidir - red.) vuraraq ona xəsarət yetirib.
Kərəmin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Kərəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Məlahət onun gəlini olub: "Məlahət oğlumla evli olub, hazırda isə ayrılıblar. Zərərçəkmiş Oğuz isə nəvəmdir. Yanvarın 2-də, saat 11 radələrində evdə olduğumuz zaman nəvəm məni əsəbiləşdirdiyi üçün onun sol əlinin üst nahiyəsindən bir dəfə yumruq zərbəsi ilə vurdum. Həmin vaxt barmağımda üzük olduğu üçün nəvəmin əli yaralandı. Bundan bir neçə gün sonra gəlinim məndən şikayət etdi".
Zərərçəkmiş Oğuz ifadəsində bildirib ki, valideynləri boşanıblar: "Anamın işləməsi səbəbindən ata babam Kərəmin yanında yaşayıram. Babamla münasibətlərimiz hər zaman yaxşı olub. Babam hər gün məni məktəbə aparıb, sonra da məktəbdən götürərək evə gətirib".
Zərərçəkmiş qeyd edib ki, yanvarın 2-də, saat 11 radələrində evdə olduqları zaman dəcəllik etdiyi üçün babası əsəbiləşib və onun sol əlinin üst nahiyəsindən yumruqla vurub: "Əlimin üstündə yara əmələ gəldiyi üçün bir neçə gün əlimi anamdan gizlətdim. Hadisədən 2-3 gün sonra anam əlimi gördü və nə olduğunu soruşdu. Bildirdim ki, bir neçə gün əvvəl babam yumruqla vuraraq xəsarət yetirib".
Quba Rayon Məhkəməsinin hökmü ilə Kərəm aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcının qazancından dövlət nəfinə ilkin tutulmaların aparıldığı vaxtdan hesablanması qərara alınıb.
Bakı 




