Azərbaycan müdafiə sənayesi naziri Vüqar Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti Keniya Respublikasında işgüzar səfərdədir.
Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Müdafiə Sənayesi Nazirliyindən bildirilib.
Səfər çərçivəsində Keniya Prezidenti Uilyam Samoei Ruto V.Mustafayevi qəbul edib.
Görüşdə iki ölkə arasında dinamik inkişaf edən münasibətlərdən məmnunluq ifadə olunub və yüksək səviyyəli qarşılıqlı səfərlərin, siyasi dialoqun və qurumlararası təmasların bu əməkdaşlığın inkişafına xidmət etdiyi vurğulanıb.
Səfər zamanı nazir V.Mustafayev Keniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Çarlz Kahariri ilə görüşüb.
Tərəflər arasında hərbi-texniki sahədə mövcud əməkdaşlıq, o cümlədən gələcək əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, hər iki tərəfi maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Azərbaycanın müdafiə sənayesi sahəsində əldə etdiyi uğurlar, bu çərçivədə beynəlxalq əməkdaşlıq və iki ildən bir keçirilən "ADEX" Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi barədə məlumat verib. Həmçinin, o, postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə yenidənqurma-bərpa və humanitar minatəmizləmə üzrə aparılan genişmiqyaslı işlər, habelə sülh gündəliyində müşahidə olunan irəliləyişlər haqqında qarşı tərəfi məlumatlandırıb.
Görüşlərdə ölkəmizin Keniyadakı fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev də iştirak edib.
V. Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizin Keniyadakı səfirliyində olub, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib.
Bakı 



