“Adı "TRİPP" olan layihə ümumiyyətlə reallaşmayacaq”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.
Onun sözlərinə görə, ABŞ-nin "TRİİP" layihəsi bəhanəsi ilə Cənubi Qafqaza, Ermənistana soxulması, buranı özünə məskən tutması heç bir region dövlətinin maraqlarına uyğun deyil:
"ABŞ-nin məqsədi bütün dünyanın ağası olmaq, hər ölkədə öz bazasını yerləşdirməkdir. Amerikanın bölgədə uzun müddət qalması İrana, Türkiyəyə, Rusiyaya, eləcə də Azərbaycan və Ermənistana lazım deyil”.
Əlizadə qeyd edib ki, Trampın hakimiyyət müddəti 2028-ci ildə başa çatır. Dediyinə görə, Tramp Rusiya-Ukrayna savaşını qısa müddətdə bitirməklə bağlı dəfələrlə vəd verib, amma heç biri reallaşmayıb.

Zərdüşt Əlizadə: Zəngəzur dəhlizinin hansı şərtlərlə işləməsi tərəflərin razılaşmasından asılı olacaq
“Bəs Zəngəzur dəhlizi nə vatxsa açılacaqmı? Düşünürəm ki, Zəngəzur dəhlizi nə vaxtsa açılacaq” deyən müsahibimiz qeyd edib ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşandan sonra tədricən qarşılıqlı etimad mühiti yaranacaq. O zaman İrəvan hökuməti ermənilərə deyə biləcək ki, Zəngəzur dəhlizi sizin üçün təhlükəli deyil.
“Üstəlik, 2026-cı il parlament seçkilərində Ermənistan müxalifəti darmadağın olacaq. Paşinyan da deyəcək ki, artıq Zəngəzur dəhlizini aça bilərlər. Yolun hansı şərtlərlə işləməsi isə tərəflərin razılaşmasından asılı olacaq", - deyə Zərdüşt Əlizadə bildirib.
Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyi Vaşinqtonda keçirilmiş sülh sammiti çərçivəsində əldə olunan razılaşmaların icrası üzrə Ermənistan-ABŞ Birgə İşçi Qrupunun ilk iclası barədə məlumat yayıb. Görüşdə Ermənistan tərəfdən xarici işlər nazirinin müavini Vaahan Kostanyan, ABŞ tərəfdən isə Dövlət katibinin müavini köməkçisi Sonata Koulter onlayn formatda iştirak ediblər. Vaahan Kostanyan ABŞ-nin Cənubi Qafqazda sülhün bərqərar olunmasına verdiyi əhəmiyyətli dəstəyi vurğulayıb və Ermənistan tərəfinin Ermənistan-ABŞ arasında imzalanmış anlaşma memorandumlarının icrasında fəal əməkdaşlığa maraqlı olduğunu bildirib. Tərəflər əldə olunmuş konkret razılaşmaların praktiki icrası məqsədilə müzakirələrin ekspert səviyyəsində davam etdirilməsi barədə razılığa gəliblər.
ABŞ-nin Ermənistandakı səfirliyinin mətbuat xidmətinin məlumatına görə, iclas zamanı enerji təhlükəsizliyinin gücləndirilməsi, yarımkeçirici təchizat zəncirinin inkişafı, süni intellekt sahəsində əməkdaşlıq, həmçinin Ermənistanın yol infrastrukturu və sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə imzalanmış memorandumların icrası məsələləri müzakirə olunub. Bəzi ekspertlər Zəngəzur layihəsi çərçivəsində görülən işlərin 2026-cı ildə tamamlanacağını proqnozlaşdırırlar. Təbii ki, bunun əksini düşünənlər də az deyil.
Aydın Baxış
Bakı 




