• Bakı C

    2.09 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Siyasi təzyiq aləti kimi Avropa Parlamenti qətnaməsi

SİYASƏT

19 Dekabr 2025 | 15:05

Siyasi təzyiq aləti kimi Avropa Parlamenti qətnaməsi

Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə mahiyyət etibarilə hüquqi qüvvəyə malik beynəlxalq sənəd deyil, siyasi mövqe ifadə edən və tövsiyə xarakteri daşıyan qərardır. Məhz bu səbəbdən qətnamənin dili və məzmunu hüquqi obyektivlikdən daha çox siyasi ritorikaya söykənir.

Sənəddə irəli sürülən iddialar konkret məhkəmə qərarlarına və beynəlxalq hüquqi mexanizmlərə əsaslanmır, əksinə, daxili hüquqi proseslərə təzyiq göstərmək cəhdi kimi təqdim olunur. Avropa Parlamentinin uzun illər ərzində Azərbaycanın işğal altında qalmış əraziləri, bir milyondan artıq qaçqın və məcburi köçkünün fundamental hüquqları ilə bağlı susqunluğu fonunda bu qətnamədə “insan hüquqları” mövzusunun ön plana çəkilməsi açıq ikili standart nümunəsi kimi dəyərləndirilə bilər. Bu yanaşma Avropa Parlamentinin öz normativ dəyərlərinə selektiv şəkildə yanaşdığını və siyasi konjonkturadan asılı mövqe sərgilədiyini göstərir.

Qətnamənin qəbul olunduğu zaman kəsiyi sənədin arxasında dayanan siyasi niyyətləri daha aydın göstərir. Azərbaycan-Ermənistan münasibətlərində real irəliləyişlərin əldə olunduğu, sülh müqaviləsinə doğru konkret addımların atıldığı və regional sabitliyin formalaşmağa başladığı bir mərhələdə bu cür sənədlərin gündəmə gətirilməsi təsadüfi deyil. Vaşinqton sammitindən sonra ortaya çıxan yeni diplomatik dinamika bəzi maraq qruplarının mövcud təsir mexanizmlərini zəiflədir və bu narahatlıq siyasi təzyiq alətləri vasitəsilə kompensasiya edilməyə çalışılır. Avropa Parlamentinin bu prosesdə obyektiv vasitəçi deyil, tərəf kimi çıxış etməsi onun beynəlxalq etibarına da ciddi zərbə vurur.

Milli Məclisin qəbul etdiyi Bəyanat isə təkcə cavab xarakterli sənəd deyil, həm də Azərbaycanın suveren mövqeyinin və siyasi özünəinamının ifadəsidir. Bu Bəyanatla Azərbaycan açıq şəkildə göstərir ki, güclənmiş dövlət olaraq nə daxili hüquqi proseslərinə, nə də regional sülh təşəbbüslərinə kənardan yönələn siyasi müdaxilələri qəbul etməyəcək. Eyni zamanda, bu mövqe Azərbaycanın sülh gündəliyinə sadiqliyini də inkar etmir, əksinə, sülhün təzyiq və ikili standartlar üzərindən deyil, qarşılıqlı hörmət və beynəlxalq hüququn real prinsipləri əsasında qurula biləcəyini vurğulayır.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR