Sabirabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinin tibbi müayinədən keçirilmədən saxta diaqnozlarla əlilliyin verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilməsi ilə bağlı cinayət işinin məhkəmə hazirlıq iclası keçirilib.
Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ilkin olaraq təqsirləndirilənlərin anket məlumatlarını dəqiqləşdirib.
Təqsirləndirilənlər barədə seçilmiş həbs olmayan qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.
Növbəti proses dekabrın 3-nə təyin edilib.
Xatırladaq ki, Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatına əsasən "Sabirabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə baş verən qanunsuzluqlar, o cümlədən həmin xəstəxananın Poliklinika şöbəsinin müdiri və Həkim Məsləhət komissiyasının üzvü olmuş Əlişir Əliyev barədə daxil olmuş şikayətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanilılıb.
İbtidai istintaqla Əlişir Əliyevin sözügedən vəzifədə işlədiyi müddətdə Qabil Quliyev və İntiqam Kərimovla cinayət əlaqəsinə girərək əlilliyin təyin olunmasına əsas verən hər hansı xəstəlikdən əziyyət çəkməyən və Həkim məsləhət komissiyasında faktiki olaraq müayinədən keçirilməyən ayrı-ayrı şəxslərə əlillik dərəcəsinin verilməsi məqsədilə onlar barədə TƏBİB-in “e-tabib” elektron informasiya sisteminə tibbi diaqnozlara dair bilə-bilə yalan məlumatları daxil edilib Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsi müqabilində külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Əlişir Əliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2, 311.3.3 (təkrarən və külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı), Qabil Quliyev və İntiqam Kərimova isə həmin Məcəllənin 178.1 (dələduzluq), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadəyə kömək etmə), 32.5, 311.3.2, 311.3.3 (təkrarən və külli miqdarda rüşvət almağa kömək etmə) və 32.5, 313-cü (vəzifə saxtakarlığına kömək etmə) maddələri ilə ittiham elan edilib, təqsirləndirilən şəxslərin yaşı və səhhətləri nəzərə alınmaqla barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Bakı 



