2025-ci il avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan liderləri arasında ABŞ Prezidenti Donald Trampın iştirakı ilə tarixi “Ortaq Bəyanat” imzalanıb. Bu sənəd uzun illər davam edən münaqişəyə son qoyaraq, bölgədə dayanıqlı sülh və sabitlik üçün yeni imkanlar yaradır. Beynəlxalq təşkilatlar və dünya ölkələri bu addımı alqışlayaraq, tərəflərin sülh prosesinə verdiyi önəmi yüksək qiymətləndirirlər.
Bakıvaxtı.az beynəlxalq təşkilatların proseslə bağlı reaksiyasını təqdim edir.
Əldə etdiyimiz məlumata görə, Avropa İttifaqının Şura Prezidenti Antonio Koşta, Komissiya Prezidenti Ursula Fon der Leyen, Xarici Əlaqələr üzrə Ali Nümayəndə Kaya Kallas və digər yüksək rütbəli rəsmilər bu razılaşmanı “dayanıqlı və davamlı sülhə gedən vacib addım” kimi qiymətləndirib, icrasının vaxtında həyata keçirilməsinin önəmini vurğulayıb.
Avropa Şurasının Baş katibi Alen Berset və Parlament Assambleyasının Prezidenti Teodoros Rusopulos, həmçinin Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndələri sənədin bölgədə sülhün möhkəmlənməsinə böyük töhfə verəcəyini bildirərək, gələcəkdə əməkdaşlığın artırılacağını açıqlayıblar.
NATO-nun sözçüsü Allison Hart tərəflərin sülh istiqamətində irəliləyişini alqışlayıb və ABŞ administrasiyasının rolunu xüsusi qeyd edib. Həmçinin, NATO-nun bölgədə təhlükəsizliyin təmin olunması istiqamətində əməkdaşlığını davam etdirəcəyi bildirilib.
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev sülh müqaviləsinin Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təminatı üçün əhəmiyyətli bir mərhələ olduğunu vurğulayıb və təşəbbüslərə tam dəstəyini ifadə edib.
ATƏT və ATƏT Parlament Assambleyasının Baş katib Feridun Sinirlioğlu, həmçinin ATƏT PA rəhbərləri Luis Qraça və Roberto Montello “Ortaq Bəyanat”ı tarixi uğur olaraq dəyərləndirib, gələcəkdə dialoq və əməkdaşlıq proseslərinin davam etdiriləcəyini bildiriblər.
BMT-nin Baş Katib Antonio Quterreş imzalanan sənədin normallaşma prosesində əhəmiyyətli addım olduğunu qeyd edib, tərəflərin dialoq və etimad möhkəmləndirmə səylərini yüksək qiymətləndirib və təşkilatın dayanıqlı sülhə dəstəyini bir daha təsdiqləyib.
Beynəlxalq QHT və digər təşkilatlar, o cümlədən, Avstriya NATO genişlənmə komitəsinin rəhbəri Günter Fehlinger-Yan tərəfləri NATO-ya qoşulmağa çağırıb, Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Devid Lemmi isə ABŞ administrasiyasının sülh prosesindəki əhəmiyyətli rolunu qeyd edib.
Beynəlxalq reaksiyalar Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülhün təmin olunması üçün geniş dəstəyin olduğunu göstərir. Hər iki tərəfin iradəsi və xarici dəstək Cənubi Qafqazda yeni bir dövrün başlanğıcına zəmin yaradır.
Əli Hüseynov