• Bakı 21° C

    10.03 m/s

  • USD - 1.7

    EUR - 2.0014

    RUB - 2.0565

Vaşinqton anlaşmasından sonra Rusiyanın aqressiyası daha da artıb - AÇIQLAMA

SİYASƏT

09 Sentyabr 2025 | 16:54

Vaşinqton anlaşmasından sonra Rusiyanın aqressiyası daha da artıb - AÇIQLAMA

 “Azərbaycan və Ermənistanın suveren hüquqları var ki, öz aralarında istənilən razılığı əldə etsinlər”.

Bunu Bakıvaxtı.az-a deputat Ceyhun Məmmədov Rusiya xarici işlər naziri Sergey Lavrovun Vaşinqtonda Bakı ilə İrəvan arasında razılaşma barədə dediklərinə münasibət bildirərkən söyləyib.

Onun sözlərinə görə, Rusiyanın məsələyə münasibəti reallıqda tamam fərqlidir.  Deputat bildirib ki, Moskvanın addımları Rusiyadan verilən diplomatik açıqlamalara ziddiyyət təşkil edir:

“Rusiya tərəfi tez-tez 10 noyabr bəyannaməsini gündəmə gətirir və keçmiş münaqişənin yalnız bu çərçivədə tənzimlənə biləcəyini bildirir. Amma ötən 5 il ərzində Rusiya bu istiqamətdə heç bir real addım atmadı. Biz 10 noyabr razılaşmasında əksini tapan çox məsələlərin həll olunmadığını gördük. Onların bir çoxu dövlətimizin başçısının atdığı addımlarla, həyata keçirdiyi siyasətlə reallaşdırıldı”.

Bu gün bölgəmizdə ciddi proseslərin getdiyini deyən C.Məmmədov qeyd edib ki, Rusiya üçün də Cənubi Qafqazın önəmli bölgə olduğunu qeyd edirik:

“Cənubi Qafqazın ən zəif halqası Ermənistandır. Rusiya tarix boyu bu bölgə üçün dəfələrlə Türkiyə ilə, İran ilə müharibələr aparıb. İndi də regiona nəzarətini saxlamaq üçün ardıcıl, sistemli tədbirlərini həyata keçirir. Rusiyada azərbaycanlılara qarşı atılan addımlar bu və ya digər formada Ermənistan vətəndaşlarına qarşı da atılır".

Parlament təmsilçisinə görə, təhlil aparsaq, görərik ki, Vaşinqton görüşündən və anlaşmasından sonra Rusiyanın aqressiyası daha da artıb:

"Rusiya Ermənistan daxilində ciddi addımlar atmaqdadır. Məqsəd İrəvanın müstəqil siyasət yürütməsinin qarşısını almaqdır. Digər hədəf isə Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaqdır. Moskva üçün hazırda ən önəmli məqam budur”.

Ceyhun Məmmədov:  Rusiya Cənubi Qafqazda, Ermənistanda gedən proseslərə iddia etdiyi kimi seyrçi qalmır

Həmsöhbətimiz qeyd edib ki, son günlər Kreml tərəfindən Qarabağdan könlüllü getmiş ermənilərə də xüsusi "qayğı, diqqət" hiss olunmağa başlayıb. Bununla yanaşı, 102-ci hərbi bazaya yeni hərbi texnika, sursatlar daşınır. Ermənistanda müxalifətə gizli dəstək göstərilir. Yəni açıq görünür ki, Rusiya Cənubi Qafqazda, Ermənistanda gedən proseslərə iddia etdiyi kimi seyrçi qalmır”.

Müsahibimiz bildirib ki, lakin əvvəlki dövrdən fərqli olaraq bir nüansı nəzərə almaq lazımdır. C.Məmmədov vurğulayıb ki, Rusiya dövlət başçısı ABŞ prezidenti ilə münasibətlərin tamamilə pozulmasında maraqlı deyil:

“Kreml Ağ Evlə münasibətləri korlamaq istəmədiyindən daha yumşaq açıqlamalarla çıxış edir. Reallıqda isə bir neçə region dövlətinin Zəngəzur dəhlizinin qarşısının alınması ilə bağlı müzakirələri, plan və hədəfləri var".

Aydın Baxış


SON XƏBƏRLƏR