Hər bir münaqişənin dayandırılması və atəşkəsin əldə olunması insanlıq üçün vacib bir addımdır. Müharibələr yalnız torpaqları deyil, insanların həyatını, ailələrini və ümumi sosial-iqtisadi strukturu dağıdır. Hər gün minlərlə insan həyatını itirir, yüz minlərlə insan isə evindən, yurdundan didərgin düşür. Qəzdada baş verənlər isə bu reallığı dramatik şəkildə ortaya qoyur: insanlar aclıqla üzləşir, təbii resurslara çıxışları məhdudlaşır və çoxsaylı günahsız vətəndaş həyatını itirir.
Bu baxımdan atəşkəsin imzalanması insanlıq üçün böyük bir təqdirəlayiq addımdır. Lakin qalıcı sülh və problemlərin həlli üçün yalnız müvəqqəti atəşkəs kifayət etmir. İsrail-Fələstin münaqişəsi, regional geosiyasi maraqlar və yayılmacı siyasətlər, həmçinin İsrail-Ərəb və İsrail-İslam dünyası münasibətlərinin köklü həll olunmaması kimi məsələlər, uzunmüddətli və davamlı sülh üçün hələ bir sıra mürəkkəb addımların atılmasını tələb edir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Telman Nüsrətoğlu bildirib ki, istənilən müharibənin dayandırılması, atəşkəsin imzalanması insanlıq adına müsbət bir addımdır:
"Çünki müharibələr böyük fəlakətlər, insan faciələri deməkdir. Qəzzada isə insanlar ciddi humanitar dram yaşayır. Aclıqla üzləşirlər və 60 mindən çox günahsız insan öldürülüb. Bu, təbii ki, böyük bir fəlakətdir. Atəşkəsin imzalanması bu baxımdan təqdirəlayiqdir".
Onun sözlərinə görə, bu məsələnin qalıcı olub-olmaması hələ sual altındadır. Burada geosiyasi və regional kontekst, İsrailin yayılan siyasəti, İsrail-Fələstin və İsrail-Ərəb məsələlərinin köklü həll olunmaması kimi problemlər var. Bu amillər nəzərə alınmalıdır ki, atəşkəs davamlı olsun və nəticədə sülhə, məsələnin həllinə doğru addım atılsın:
"Dünyada artıq əksər ölkələr, o cümlədən, Qərb dövlətləri, Fələstini dövlət olaraq tanıma siyasəti aparır. İsrailin hücumları və Qəzzanın işğalı qarşısında bu addımlar siyasi baxımdan atılır. Azərbaycanın və Türkiyənin xarici siyasət baxışına görə, məsələnin iki dövlətli həll modeli çərçivəsində həll olunması vacibdir. Fələstin-İsrail konflikti yalnız iki dövlətli model əsasında həll oluna bilər və bu, həm İsrail, həm Ərəb, həm də İslam dünyası münasibətlərinə müsbət təsir göstərə bilər".
Telman Nüsrətoğlu: Hal-hazırda İsrail bu baxımdan beynəlxalq aləmdə tənqid və təcrid olunmuş vəziyyətdədir
Politoloq diqqətə çatdırıb ki, İsrail rasional siyasət yürüdərək, kompromis və uzlaşma yolu ilə məsələni həll etməli, İslam və Ərəb dünyası ilə normal münasibətlər qurmalıdır:
"Hal-hazırda İsrail bu baxımdan beynəlxalq aləmdə tənqid və təcrid olunmuş vəziyyətdədir. Aparılan hərbi müdaxilələr, insan həyatlarının itirilməsi və yardımların əngəllənməsi dünya ictimaiyyətində İsrail əleyhinə münasibət yaradıb. Bunu aradan qaldırmaq üçün İsrail pragmatik addımlar atmalıdır".
Müsahibimiz əlavə edib ki, atəşkəsin əldə olunmasında Türkiyə və regional aktorların böyük rolu olub. Onlar kompromis və uzlaşma yoluna sövq edirlər ki, insanlar ölmesin, Qəzzada didərginlik yaranmasın. Bu addım həm də İsrail-Türkiyə münasibətlərinin normallaşmasına töhfə verə bilər:
"Gələcəkdə Qəzzada müştərək idarəçilik mümkündür: texnokrat hökumət və Fələstin tərəfi, ərəb ölkələri və Türkiyənin iştirakı ilə. Bu zaman atəşkəs qalıcı ola bilər, İsrail hökumətinin ultra-milliyyətçi dairələri buna müdaxilə etməzsə, proses sülhə doğru irəliləyə bilər. Qəzzada texnokrat və Fələstin qüvvələrini əhatə edən, ərəb ölkələri və Türkiyənin iştirak etdiyi bir müştərək idarəçilik qurula bilər".
Əli Hüseynov