• Bakı 17° C

    5.58 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Moskva danışıqlarının pərdəarxası İLK DƏFƏ AÇIQLANDI 

SİYASƏT

08 Noyabr 2025 | 15:07

Moskva danışıqlarının pərdəarxası İLK DƏFƏ AÇIQLANDI 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun “Təmas xətti” verilişində səsləndirdiyi açıqlamalar 44 günlük Vətən müharibəsinin diplomatik mərhələlərinin nə qədər gərgin və taleyüklü olduğunu bir daha göstərdi. Onun sözlərindən aydın olur ki, hərbi əməliyyatlar paralelində aparılan danışıqların hər biri Azərbaycanın siyasi iradəsinin, liderlik qətiyyətinin və beynəlxalq hüquqa əsaslanan mövqeyinin sınaq meydanına çevrilmişdi.

Nazirin açıqlamasına görə, müharibə dövründə bütün diplomatik təşəbbüslər ATƏT-in Minsk qrupu çərçivəsində aparılırdı. Həmsədr ölkələrin vasitəçiliyi ilə keçirilən üç əsas görüşdən ən çətin və gərgin olanı isə Moskva danışıqları idi. Həmin görüşdə təqdim olunan ilkin sənəd, əslində, Azərbaycanın hərbi üstünlüyünü dondurmaq, münaqişəni yenidən “atəşkəs çərçivəsində” saxlamaq məqsədi daşıyırdı. Sənədə əsasən, 9 oktyabr gecəsi Rusiya sülhməramlılarının həm şərq, həm də qərb cəbhəsində yerləşdirilməsi nəzərdə tutulurdu. Bu, faktiki olaraq, Azərbaycanın azadlıq əməliyyatlarını dayandırmaq, işğalın nəticələrini “müvəqqəti status” adı altında legitimləşdirmək cəhdi idi.

Lakin Bakı bu təklifi qəbul etmədi. Prezident İlham Əliyevin dəqiq və prinsipial təlimatları əsasında Azərbaycan nümayəndə heyəti birmənalı şəkildə bildirdi ki, əsas məqsəd atəşkəs deyil, Ermənistan ordusunun işğal edilmiş ərazilərdən çıxması üçün konkret qrafikin müəyyənləşdirilməsidir. Ceyhun Bayramovun sözlərindən də görünür ki, bu mərhələdə Ermənistan tərəfi əvvəlki ritorikasını qoruyaraq “Azərbaycan beynəlxalq hüququ pozub” kimi əsassız iddialarla vaxt qazanmağa çalışırdı. Lakin Azərbaycanın diplomatik mövqeyi bu dəfə beynəlxalq auditoriyada gücün deyil, ədalətin tərəfi kimi qəbul olundu.

Moskva danışıqları həm də Azərbaycanın diplomatiyasının yetkinlik mərhələsini simvolizə etdi. Rusiya tərəfinin “neytral vasitəçi” obrazında təklif etdiyi sənəd, əslində, müharibəni status-kvoya qaytarmaq məqsədi daşıyırdı. Ancaq Azərbaycan nümayəndə heyətinin çevik davranışı, danışıqlardan fasilə götürərək birbaşa Prezidentlə məsləhətləşməsi, sonra yenidən qayıdaraq əvvəlki prinsipial mövqedə qalması ölkəmizin diplomatik iradəsinin gücünü göstərdi. Bu qərarlılıq sayəsində, həmin gün nəticə əldə olunmadı, lakin Azərbaycanın hərbi üstünlüyü qorundu və müharibənin sonrakı mərhələsində həlledici dönüş nöqtələri – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və nəhayət, Şuşanın azad edilməsi mümkün oldu.

Beləliklə, Moskva danışıqları yalnız diplomatik gərginliyin simvolu deyil, həm də Azərbaycanın strateji müstəqilliyinin göstəricisi kimi tarixə düşdü. Prezident İlham Əliyevin müharibə boyunca heç bir dövlət başçısına zəng etməməsi, yalnız milli maraqlara əsaslanan qərarlar verməsi, ölkəmizin öz gücünə inanaraq hərbi-siyasi balansı özü formalaşdırmasının nümunəsidir.

Ceyhun Bayramovun açıqlaması bir daha sübut edir ki, 44 günlük müharibədə Qələbə təkcə döyüş meydanında deyil, həm də diplomatik masada qazanıldı. Azərbaycan həm hərbi, həm siyasi, həm də mənəvi üstünlüyü eyni anda təmin etdi. Moskva danışıqları isə bu tarixi prosesdə xalqımızın sarsılmaz iradəsinin və dövlət rəhbərliyinin uzaqgörənliyinin təcəssümü kimi yadda qaldı.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR