• Bakı C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.974

    RUB - 2.1677

ABŞ-İran gərginliyi: münaqişə tezliklə bitəcək?

SİYASƏT

10 Mart 2026 | 13:59

ABŞ-İran gərginliyi: münaqişə tezliklə bitəcək?

Yaxın Şərqdə davam edən gərginlik və ABŞ-İran qarşıdurması beynəlxalq siyasətin ən mühüm mövzularından birinə çevrilib. Son günlər ABŞ-da siyasi fiqurların, xüsusilə Donald Trampın münaqişənin tezliklə başa çata biləcəyi barədə səsləndirdiyi fikirlər bu məsələyə marağı daha da artırıb.

Lakin regionda mürəkkəb geosiyasi reallıqlar, tərəflərin strateji maraqları və münaqişənin çoxsaylı aktorları bu prosesin sadə və qısa müddətdə həll olunmasını çətinləşdirir. ABŞ və İran arasındakı qarşıdurma yalnız iki dövlət arasında münasibətlər məsələsi deyil, eyni zamanda Yaxın Şərqin təhlükəsizlik arxitekturası, enerji bazarları və regional qüvvələr balansı ilə sıx bağlıdır. Bu baxımdan münaqişənin gələcək inkişaf istiqamətləri beynəlxalq siyasətdə mühüm müzakirə mövzusu olaraq qalır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, mövcud geosiyasi reallıqları nəzərə aldıqda, münaqişənin qısa müddətdə tam şəkildə başa çatması çox da real görünmür. Onun sözlərinə görə, ABŞ və İran arasında qarşıdurma təkcə iki dövlətin münasibətlərindən ibarət deyil, bu prosesdə regionun digər aktorları da mühüm rol oynayır:

“İranın regional təsir imkanları, proksi qüvvələri və nüvə proqramı məsələsi gərginliyi daha mürəkkəb edir. Eyni zamanda ABŞ-nin regiondakı müttəfiqlərinin təhlükəsizlik maraqları da danışıqlar prosesinə təsir göstərir. Buna görə də yaxın perspektivdə yalnız müəyyən deeskalasiya və ya gərginliyin azalması ehtimalı daha real görünür. Tam siyasi razılaşma isə daha uzunmüddətli və mərhələli diplomatik proses tələb edir”.

Müsahibimizə görə,  belə bir gərginliyin azalması üçün ilk növbədə diplomatik kanalların bərpası vacibdir. Tarix göstərir ki, ABŞ və İran arasında birbaşa dialoq çətin olsa da, dolayı vasitəçilər vasitəsilə danışıqlar mümkündür. Körfəz ölkələri, bəzi Avropa dövlətləri və beynəlxalq təşkilatlar bu prosesdə vasitəçi rolunu oynaya bilər.
Politoloq bildirib ki, bundan əlavə, mərhələli razılaşma mexanizmi tətbiq oluna bilər, yəni əvvəlcə hərbi gərginliyin azaldılması, sonra isə siyasi məsələlərin müzakirəsi. Enerji təhlükəsizliyi və regionda sabitliyin qorunması da tərəfləri kompromisə sövq edə biləcək amillərdəndir. Lakin bütün bunlar üçün qarşılıqlı etimadın müəyyən səviyyədə bərpası əsas şərtdir.

Züriyə Qarayeva:  Tarix göstərir ki, ABŞ və İran arasında birbaşa dialoq çətin olsa da, dolayı vasitəçilər vasitəsilə danışıqlar mümkündür

Z.Qarayeva hesab edir ki, Trampın bu bəyanatının arxasında həm siyasi mesaj, həm də diplomatik taktika elementləri var. ABŞ siyasətində belə açıqlamalar çox vaxt danışıqlar üçün psixoloji üstünlük yaratmaq məqsədi daşıyır. Bu, qarşı tərəfə “münaqişəni bitirmək imkanı var” mesajını verməklə yanaşı, müəyyən təzyiq vasitəsi kimi də istifadə olunur.

“Digər tərəfdən, daxili siyasi auditoriyaya yönəlmiş elementlər də mövcuddur. ABŞ-da seçki dövrlərində və ya siyasi rəqabət fonunda xarici siyasət mövzuları tez-tez siyasi ritorikanın bir hissəsinə çevrilir” deyə həmsöhbətimiz bildirib ki,  buna görə də bu cür bəyanatları hər zaman real diplomatik plan kimi qəbul etmək doğru olmaz. Onlar çox vaxt strateji kommunikasiya vasitəsi kimi istifadə edilir.

Bu münaqişə həqiqətən yaxın vaxtda başa çatarsa, bunun Yaxın Şərqdə qüvvələr balansına göstərəcəyi təsirə gəlincə, Z.Qarayeva qeyd edib ki, belə bir ssenari baş verərsə, Yaxın Şərqdə təhlükəsizlik mühiti müəyyən dərəcədə sabitləşə bilər. ABŞ və İran arasında gərginliyin azalması regiondakı digər münaqişə ocaqlarına da təsir göstərə bilər. Xüsusilə enerji bazarlarında sabitliyin artması və beynəlxalq ticarət marşrutlarının təhlükəsizliyinin güclənməsi mümkündür:

“Eyni zamanda region dövlətləri yeni siyasi balans formalaşdırmağa çalışacaqlar. İranın regional rolunun hansı formada davam edəcəyi də əsas müzakirə mövzularından biri olacaq. Bu səbəbdən belə bir razılaşma yalnız iki ölkə arasında münasibətləri deyil, bütövlükdə Yaxın Şərqin geosiyasi arxitekturasını dəyişdirə bilər”.

Zülfi Məmmədov


SON XƏBƏRLƏR