2026-cı ilin mayın 1-nə olan məlumata görə, Azərbaycanda manatın dövretmə sürəti 2,96 bənd təşkil edib. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu, aylıq müqayisədə 0,01 bənd, ilin əvvəli ilə müqayisədə 0,24 bənd, ötən ilin mayın 1-nə nisbətən isə 0,37 bənd azdır. AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 21 il ərzində ən aşağı həddi devalvasiya ərəfəsində, 2015-ci ilin yanvarında qeydə alınıb və 2,68 bənd təşkil edib.
Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb. Bəs, manatın dövretmə sürətinin azalması nə ilə bağlıdır və bunun iqtisadiyyata nə kimi təsiri ola bilər?
Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, əslində manatın dövretmə sürətinin azalması yaxşı bir şey deyil.
Onun sözlərinə görə, manatın dövretmə sürətinin azalması iqtisadi aktivliyin azalması deməkdir:
“Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) artım tempi demək olar ki, çox aşağıdır, hardasa sıfıra yaxındır. Hətta ilin birinci rübündə ÜDM 0.3 faiz azalmışdı. İndi bir az mənfi zonadan çıxmışıq, amma yenə də sıfıra yaxındır. İqtisadi aktivliyin azalması manatın dövretmə sürətinə də təsir göstərən amildir. Yəni yaxşı bir şey deyil".

Natiq Cəfərli: Hələlik tendensiya yaxşı deyil, ancaq...
Müsahibimiz deyir ki, amma hələlik ilin sonunadək baxmaq lazımdır ki, bu tendensiya necə davam edəcək. Dediyinə görə, əgər II, III rübdə də eyni tendensiya davam edərsə, bu, Azərbaycan iqtisadiyyatında təməl problemlərin olmasından xəbər verəcək:
"Ona görə də hələlik tendensiya yaxşı deyil, ancaq təhlükəli həddə də deyil. Çünki davamlı olub-olmayacağı yaxın aylarda bilinəcək”.
Aydın Baxış
Bakı 




