Tehran Zəhgəzur məsələsində ənənəvi mövqeyini dəyişmək niyyətində deyil. İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin “Zəngəzur dəhlizi” ilə bağlı son açıqlaması da bunu göstərir.
Onun “dəhliz adlı heç nə mövcud deyil, söhbət sadəcə yoldan gedir” sözləri əslində İranın uzun müddətdir səsləndirdiyi arqumentlərin təkrar formasıdır. Tehran “dəhliz” anlayışını suverenliyə təhlükə kimi qələmə verir və bunun qarşısında sərt mövqe nümayiş etdirir.
Sobhaninin ritorikasının bir neçə mühüm tərəfi var:
Birincisi, onun açıqlaması Azərbaycanın mövqeyi ilə ziddiyyət təşkil edir. Rəsmi Bakı “dəhliz” anlayışını 10 noyabr 2020-ci il bəyanatından və sonrakı proseslərdən qaynaqlanan real siyasi gündəmin tərkib hissəsi kimi təqdim edir. Prezident İlham Əliyevin Çindəki sammitdə bu ifadəni açıq şəkildə işlətməsi Bakının məsələni beynəlxalq platformalarda gündəmdə saxladığını göstərir.
İkincisi, Sobhaninin çıxışı əslində diplomatik missiyanın bitməsinə az qalmış onun fəaliyyətinin ümumi xəttini əks etdirir. O, Ermənistanda çalışdığı bütün müddət ərzində sərt anti-Azərbaycan ritorikası ilə fərqlənib. Hətta bəzi hallarda erməni siyasətçilərinin mövqelərindən də radikal ifadələr işlətməsi, İranın regionda tərəfsiz vasitəçi ola bilmədiyini sübut edir.
Üçüncüsü, bu bəyanat həm də mesaj xarakteri daşıyır. İran göstərmək istəyir ki, Cənubi Qafqazdakı kommunikasiya layihələri, xüsusən də Zəngəzur üzərindən açılacaq hər hansı yol Tehranın maraqları nəzərə alınmadan həyata keçirilməməlidir. Bu, həm Ermənistana siyasi dəstəkdir, həm də Azərbaycana təzyiq mesajı kimi qəbul edilə bilər.
Nəticə etibarilə, Sobhaninin “dəhliz yoxdur” açıqlaması sadəcə şəxsi mövqe deyil, İranın dövlət siyasətinin davamıdır. Bu mövqe, bir tərəfdən, Azərbaycan–Ermənistan sülh prosesinə mane olur, digər tərəfdən isə İranın regionda balanslı oyunçu olmaq imkanlarını zəiflədir. Səfirin fəaliyyət müddətinin sonuna yaxın belə sərt ritorikaya üstünlük verməsi isə onun diplomatik fəaliyyətinin yekun qiymətləndirilməsində diqqətdən kənarda qalmayacaq.
Züriyə Qarayeva