• Bakı 22° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Ermənistanda kilsə və müxalifət çevriliş ittihamı ilə hədəfdə - Paşinyan üçün təhlükəli mərhələ

SİYASƏT

25 Iyun 2025 | 13:19

Ermənistanda kilsə və müxalifət çevriliş ittihamı ilə hədəfdə - Paşinyan üçün təhlükəli mərhələ

İyunun 25-də səhər saatlarından etibarən Ermənistanda təhlükəsizlik qüvvələri genişmiqyaslı əməliyyata başlayıb.

Arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Müqəddəs Mübarizə” hərəkatının üzvləri və onlara yaxın şəxslərin evlərində axtarışlar aparılıb. Müxalif “Ermənistan Birliyi” Partiyasının fəallarına qarşı da eyni tədbirlər həyata keçirilib. Rəsmi orqanlar bu şəxslərin dövlət çevrilişinə cəhd və terror aktları planlaşdırmaqda şübhəli bilindiyini açıqlayıb.

Ermənistan cəmiyyətində son günlərdə müşahidə edilən siyasi gərginlik yeni mərhələyə qədəm qoyur. Xüsusilə arxiyepiskop Baqrat Qalstanyanın siyasi ambisiyalarla çıxış etməsi və kilsənin birbaşa siyasətə müdaxilə etməyə başlaması Paşinyan hökuməti üçün ciddi təzyiq mənbəyinə çevrilib. Eçmiədzin ruhani çevrəsinin siyasi mübarizəyə daxil olması və Baqratın kilsə tribunalarını müxalif tribuna kimi istifadə etməsi Ermənistanın klassik güc balansını pozur.

Hazırda ölkədə vəziyyət qeyri-müəyyənliklə müşayiət olunur. Hakimiyyətin bir tərəfdən hüquqi müstəvidə çevriliş cəhdlərinin qarşısını almağa çalışması, digər tərəfdən isə bu əməliyyatların ictimai qınaq doğuraraq kilsəyə qarşı repressiya görüntüsü yaratması mümkündür. Paşinyanın komandası üçün bu hadisələr həm siyasi, həm də mənəvi cəbhədə ciddi sınaqdır.

Sual yaranır: Ermənistan tarixində ilk dəfə rəsmi olaraq kilsə təmsilçilərinin dövlət çevrilişi ilə əlaqələndirildiyi bu gərginlik Paşinyanın mövqeyini zəiflədə bilərmi? Yoxsa bu əməliyyatlarla o, özünü daha güclü siyasi lider kimi təsdiqləyəcək?

Bütün hallarda, Ermənistanda kilsə ilə hökumət arasında illərdir davam edən soyuq münasibətlər artıq açıq qarşıdurma mərhələsinə keçir. Bu isə yalnız daxili siyasi sabitliyi deyil, həm də Ermənistanın beynəlxalq imicini zədələyə biləcək bir böhranın dərinləşdiyini göstərir.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR