ABŞ Konqresindəki Ermənistanla dostluq qrupunun həmsədrlərinin təşəbbüsü ilə 87 konqresmen prezident Donald Trampın administrasiyasına müraciət edərək ermənilərin Qarabağa “qayıdışına” dəstək verməyə çağırıblar.
Müraciət, regional sülh prosesinin həssas mərhələyə keçdiyi bir vaxtda səsləndirilməsi ilə xüsusi diqqət çəkir. Müşahidəçilər hesab edir ki, bu cür addımlar ilk növbədə Trampın təşəbbüs verdiyi sülh gündəliyini gözdən salmaq məqsədi daşıyır.
Aydın görünür ki, bəyanatın arxasında duran qüvvələr nəinki Cənubi Qafqazda dayanıqlı barışa qarşı çıxır, həm də ABŞ daxilində Trampın mövqeyini zəiflətməyə yönəlmiş planlı informasiya və siyasi kampaniyanın tərkib hissəsidir. Xüsusilə nəzərə alınmalıdır ki, bu konqresmenlərin əksəriyyəti illərdir erməni diasporunun maliyyə dəstəyi ilə fəaliyyət göstərir və bəzi hallarda korrupsiya qalmaqalları ilə gündəmə gəlib. Menendesin artıq həbs olunması, Adam Şiff və Frenk Pallone kimi şəxslərin də istintaq təzyiqi ilə üz-üzə qalması bu dairələrin niyə belə aqressiv davrandığını anlamağa imkan verir.
Əvvəllər də - 1992-ci ildə qəbul edilən 907-ci düzəliş vasitəsilə - bu qüvvələrin Azərbaycana qarşı ədalətsiz yanaşmasının şahidi olmuşduq. Bu gün isə eyni dairələr sülh prosesini pozmaq üçün yeni yollar axtarır. Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi “Vaşinqton bataqlığı” ifadəsi həmin bu korrupsiyalaşmış siyasi çevrənin fəaliyyətini ifşa edir. Tramp administrasiyasının bu bataqlığı “qurudacağına” dair vədləri, görünür, onları qorxuya salıb.
Bu reallıq fonunda Azərbaycanın və regionun maraqlarına zidd olan istənilən cəhd ifşa edilməli və beynəlxalq ictimaiyyətə düzgün təqdim olunmalıdır. Ermənipərəst və manipulyativ xarici dairələrin təşəbbüsləri nə sülhə, nə də tərəfsiz diplomatiyaya xidmət edir. Əksinə, onlar münaqişənin alovlandırılmasını və bölgədə sabitliyin pozulmasını hədəfləyirlər.
Züriyə Qarayeva