• Bakı 31° C

    3.13 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Zəngəzur ssenariləri: Ermənistanın “yox”u və regionun gələcəyi

SİYASƏT

25 Iyul 2025 | 13:47

Zəngəzur ssenariləri: Ermənistanın “yox”u və regionun gələcəyi

Ermənistanın ABŞ tərəfindən Sünik bölgəsindən 42 km-lik strateji yolun icarəyə götürülməsi ilə bağlı təklifə “yox” deməsi təkcə ikitərəfli münasibətlər çərçivəsində qiymətləndirilə bilməz.

Bu qərar həm Ermənistanın daxili siyasi balanslarını qorumaq cəhdi, həm də regionda cərəyan edən geosiyasi toqquşmalar fonunda formalaşmış mürəkkəb xarici təsirlərlə izah oluna bilər. Sünik bölgəsi Zəngəzur dəhlizi ilə əlaqəli olmaqla yanaşı, İran, Rusiya və Qərb arasında nüfuz mübarizəsinin kəsişdiyi həssas nöqtələrdən biridir. Belə bir bölgədə ABŞ hərbi və ya strateji iştirakı təkcə Ermənistan daxilində deyil, həm də regiondakı digər aktorlar – xüsusilə İran və Rusiya tərəfindən ciddi narahatlıqla qarşılanır. Ermənistan rəhbərliyi isə bu cür balanssızlıqlar fonunda həm öz suverenliyini qorumalı, həm də böyük güclərin maraqları arasında manevr etməlidir. Məhz bu səbəbdən Ermənistanın ABŞ təklifini rədd etməsi çoxşaxəli daxili və xarici faktorların təhlilini zəruri edir.

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Vətən müharibəsinin başa çatması bölgədə yeni geosiyasi və nəqliyyat reallıqları yaratdı. Bu reallıqlardan biri də Ermənistanın üzərinə götürdüyü Zəngəzur dəhlizinin açılması öhdəliyidir. Bu dəhliz Azərbaycanın əsas strateji hədəflərindən biridir və regionda iqtisadi əlaqələrin genişlənməsi baxımından mühüm rol oynayacaq:

"Hazırda dəhlizin açılması ilə bağlı danışıqlar yekun mərhələdədir. Əsas razılaşma əldə olunub, yalnız texniki məsələlər müzakirə predmetidir. Azərbaycan bu dəhlizin istənilən formada Ermənistan tərəfindən nəzarətə alınmasına qəti şəkildə qarşı çıxır. Azərbaycanın mövqeyi aydındır: yüklərin və vətəndaşların hər iki istiqamətdə maneəsiz və sərbəst hərəkəti təmin olunmalıdır. Bu həm regiondaxili, həm də beynəlxalq nəqliyyat əlaqələri baxımından zəruridir".

Ədalət Verdiyev: Vəziyyət mürəkkəbləşib və ABŞ faktorunun bölgəyə daxil olması ehtimalı artıb

Müsahibimizin sözlərinə görə, Ermənistan tərəfi dəhlizin reallaşması prosesində zaman-zaman süni maneələr yaratmağa çalışsa da, təcrübə göstərir ki, bu cəhdlər uzunmüddətli olmur və nəticəsiz qalır. Bu vəziyyətin arxasında bəzən xarici amillər, xüsusilə də regional maraqlara təsir göstərmək istəyən dövlətlərin mövqeyi dayanır. O qeyd edib ki, İranın Zəngəzur dəhlizinə münasibəti də bu kontekstdə diqqətəlayiqdir:

"İran dəhlizin açılması ilə bölgədəki balansın dəyişəcəyindən ehtiyatlanır və xüsusilə ABŞ-nin bu bölgədə hərbi və ya təhlükəsizlik baxımından mövcudluğunu qəbul etmir. Əgər İran bu prosesi əngəlləməsəydi, bu gün Zəngəzurda Azərbaycan türklərinin aktiv iştirakı və mövcudluğu müşahidə oluna bilərdi. İranın Ermənistana göstərdiyi dolayısı dəstək nəticəsində isə vəziyyət mürəkkəbləşib və ABŞ faktorunun bölgəyə daxil olması ehtimalı artıb. Bu vəziyyət Ermənistan üçün də müəyyən ziddiyyətlər doğurur. Çünki Ermənistan nə İranın təzyiqlərinə tam boyun əyə, nə də Qərbin gözləntilərinə cavab verə bilir. Lakin bütün bunlara baxmayaraq, ehtimal edilir ki, Ermənistan Zəngəzur dəhlizinin quru yol komponentini ilin sonuna qədər rəsmi şəkildə təsdiq edəcək. Bu, region üçün yeni bir mərhələnin başlanğıcı olacaq".

Əli Hüseynov


SON XƏBƏRLƏR

25 Iyul 2025