ABŞ Prezidenti Donald Trampın “investisiya müqabilində tarif endirimi” təklifi beynəlxalq iqtisadi münasibətlərdə yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilir. Tramp Yaponiya ilə əldə olunan 550 milyard dollarlıq sərmayə razılaşmasını nümunə göstərərək, bu modeli digər ölkələrə də şamil etməyə hazır olduğunu açıqlayıb.
Bu yanaşma ABŞ-nin beynəlxalq tərəfdaşlıq anlayışını dəyişirmi? Gələcəkdə Avropa İttifaqı, Çin və region ölkələri bu modeli qəbul edəcəkmi?
Bakıvaxtı.az məsələni politoloq Züriyə Qarayeva ilə müzakirə edib. Onun sözlərinə görə, xarici investisiyalar müqabilində tarif endirimi modeli
Tramp administrasiyasının uzun müddətdir yürütməyə çalışdığı iqtisadi millətçilik siyasətinin tərkib hissəsidir. Burada əsas məqsəd, ABŞ iqtisadiyyatına birbaşa kapital axınını artırmaqla yanaşı, ticarət tərəfdaşlarını daha çox ABŞ-dən asılı vəziyyətə salmaqdır. Bu, klassik azad ticarət prinsiplərindən kənara çıxaraq, hər münasibəti konkret iqtisadi faydaya indeksləyən bir yanaşmadır.
Bu siyasətin beynəlxalq ticarət sisteminə necə təsir göstərə biləcəyindən danışan Z.Qarayeva qeyd edib ki, əgər bu model geniş tətbiq olunarsa, o zaman ÜTT çərçivəsində mövcud olan ticarət bərabərliyi prinsipləri ciddi şəkildə pozula bilər. Dediyinə görə, bu, həm də ikitərəfli münasibətlərin çoxsaylı güzəştlərlə yüklənməsi və zəif ölkələrin daha əlverişsiz mövqelərə çəkilməsi deməkdir. Güclü iqtisadi aktorlar - məsələn Yaponiya kimi ölkələr – bu oyunda rol ala bilər, amma inkişaf etməkdə olan ölkələr bu yarışda geridə qala bilər.
“Bəs region ölkələri, xüsusilə Azərbaycan üçün bu model hansı çağırışları və imkanları doğurur” sualına cavabında politoloq bildirib ki, Azərbaycan üçün bu, həm imkan, həm də riskdir. Əgər Azərbaycan ABŞ-lə enerji və logistika sahəsində strateji investisiya əməkdaşlığı qurarsa, tarif güzəştlərindən bəhrələnə bilər:
“Lakin bu, qarşılıqlı fayda əsasında deyil, daha çox “verirsənsə, alırsan” prinsipi ilə işləyir. Bu isə balanslı tərəfdaşlıqdan daha çox assimmetrik münasibət formalaşdırır. Belə modeldə böyük dövlətlərin diqtəsi qaçılmazdır”.
Maraqlıdır, Tramp bu modeli Avropa İttifaqı və Çinə də tətbiq etməyə çalışacaqmı?
Z.Qarayeva hesab edir ki, Trampın bu modeldəki əsas hədəflərindən biri elə məhz bu iki aktordur. ABŞ-Çin ticarət müharibəsində o, artıq bu taktikanı sınaqdan keçirib. Avropa ilə münasibətlərdə də o, daha çox Amerikanın maraqlarını üstün tutan bir yanaşma ilə çıxış edir. Lakin bu iki güc mərkəzi ABŞ-dən fərqli olaraq, ticarət münasibətlərini institusional qaydalar üzərində qurur. Bu səbəbdən, Trampın yanaşması ilə tam razılaşmaq ehtimalları zəifdir.
Bu yanaşmanın qlobal güc balansına təsirinə gəlincə, həmsöhbətimiz deyib ki, əgər ABŞ bu siyasəti davam etdirərsə və digər böyük aktorlar buna qarşı mexanizmlər işlətməzsə, o zaman dünya ticarətində yeni qütbləşmə yaranacaq. Ənənəvi çoxtərəfli sistem zəifləyəcək, yerini ikitərəfli, sərt və maraq mərkəzli razılaşmalar tutacaq. Bu isə qlobal sabitliyə deyil, daha çox rəqabətə və qeyri-müəyyənliyə yol açar.
Zülfü Məmmədov