Dünya siyasətinin diqqət mərkəzində növbəti böyük görüşün keçirilməsi ehtimalı dayanır. ABŞ və Rusiya prezidentlərinin Türkiyədə - Ankara və ya İstanbulda bir araya gəlməsi ideyası beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.
Bu görüş təkcə iki supergüc arasında münasibətlərin bərpası baxımından deyil, həm də Rusiya-Ukrayna müharibəsinin gedişinə təsir etmə potensialına görə xüsusi əhəmiyyət daşıyır. Türkiyənin belə bir sammitə ev sahibliyi etməyə hazır olduğunu bəyan etməsi, onun qlobal sülh diplomatiyasındakı mövqeyini bir daha ön plana çıxarır. Hazırda həm ABŞ, həm Rusiya, həm də Ukrayna ilə münasibətlərdə balansı qoruyan Türkiyə regional sabitliyin təminində mühüm vasitəçi kimi çıxış edir.
Məsələ ilə bağlı politoloq Züriyə Qarayeva fikirlərini Bakıvaxtı.az-la bölüşür.
Onun sözlərinə görə, bu cür görüş ideyası dünya siyasətində mühüm rezonans doğurub. Çünki həm ABŞ, həm Rusiya, həm də Avropa bu gərgin dövrdə yeni diplomatik kanalların açılmasına maraqlıdır.
Politoloq qeyd edib ki, Türkiyə uzun illərdir həm NATO üzvü, həm də Rusiya ilə enerji və təhlükəsizlik sahəsində tərəfdaş kimi unikal mövqe tutur. Bu tarazlıq ona vasitəçi statusu qazandırıb:
“Əgər görüş gerçəkləşərsə, Ankara yalnız ev sahibi deyil, həm də siyasi moderator rolunda çıxış edə bilər. Beləliklə, Türkiyənin beynəlxalq nüfuzu bir qədər də möhkəmlənəcək”.
Müsahibimiz bildirib ki, əgər bu sammit baş tutarsa, o, müharibənin diplomatik yolla həllinə doğru ilk real addım ola bilər. Çünki ABŞ və Rusiya arasında birbaşa dialoq son illərdə demək olar ki, tamamilə dayanıb. Türkiyə bu prosesi yenidən canlandıra biləcək yeganə ölkələrdən biridir:
“Hər iki tərəflə işləyə bilən balanslı siyasət sülh perspektivlərini artırır. Əgər tərəflər minimum razılıq nöqtəsinə yaxınlaşsa, bu, həm Qara dəniz təhlükəsizliyi, həm də Avropa enerji sabitliyi üçün dönüş nöqtəsi olacaq. Müharibənin gedişində hərbi deyil, diplomatik resursların önə çıxması mümkündür”.

Züriyə Qarayeva: Əgər sülh danışıqlarında yeni format yaradılarsa, Azərbaycan bu prosesdə mühüm iştirakçı ola bilər
“Danışıqların mümkün məkanı kimi niyə məhz Türkiyə və Macarıstan önə çıxır” sualına cavablandıran Z.Qarayevanın dediyinə görə, bu iki ölkə həm Rusiya, həm də Qərblə münasibətlərdə nisbi neytrallığı və dialoq imkanlarını qoruyub. Türkiyə NATO üzvü olsa da, Qərbin sərt sanksiya siyasətinə tam qoşulmayıb. Macarıstan isə Avropa İttifaqı daxilində Moskva ilə əməkdaşlığı davam etdirən azsaylı dövlətlərdəndir. Hər iki ölkə öz xarici siyasətində milli maraqlara əsaslanır və vasitəçi statusuna iddialıdır. Lakin Türkiyənin regiondakı təsir dairəsi və diplomatik təcrübəsi onu daha üstün mövqeyə çıxarır. Bu səbəbdən də görüşün İstanbul və ya Ankarada keçirilməsi ehtimalı daha real görünür.
Bəs Azərbaycanın da bu prosesdə mümkün vasitəçi kimi adı çəkilə bilərmi?
Həmsöhbətimiz deyib ki, Azərbaycanın son illərdə formalaşan balanslı və praqmatik diplomatiyası ona beynəlxalq etimad qazandırıb. Bakı həm Moskva, həm Kiyev, həm də Ankarayla səmərəli münasibətlər saxlayır:
“Ölkəmizin 2020-ci ildən sonra regionda artan rolu onu potensial vasitəçi kimi önə çıxarır. Əgər sülh danışıqlarında yeni format yaradılarsa, Azərbaycan bu prosesdə mühüm iştirakçı ola bilər. Bunun üçün siyasi neytrallıq və etimad faktoru əsas şərtdir. Azərbaycanın diplomatik təcrübəsi və regional nüfuzu belə təşəbbüsləri reallığa çevirə biləcək səviyyədədir”.
Zülfü Məmmədov
Bakı 


