Azərbaycanda 300-ə yaxın şirkətə rəhbərlik edən iş adamı Mehman Alməmmədov və onunla birlikdə ittiham edilən İlahim Mehralıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə sənədlər tədqiq edilib. Daha sonra dövlət ittihamçısı çıxış edib.
Prokuror təqsirləndirilən hər iki şəxsin çəkilməmiş cəzalarının olduğunu bildirib. O, cəzaların qismən toplanılmaqla Mehman Alməmmədovun 13 il, İlahim Mehralıyevin isə 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Dövlət ittihamçısı bildirib ki, onlara qarşı irəli sürülmüş 313-cü (vəzifə saxtakarlığı) maddəsi üzrə cəza müddəti bitib. Prokuror hər iki şəxsin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmələrini təklif edib.
Müdafiəçilər məhkəmədən çıxış üçün vaxt istəyib.
Proses 28 oktyabrda davam etdiriləcək.
Xatırladaq ki, bir qrup şəxsin cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitini leqallaşdırması ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İttihama görə, istintaqla Mehraliyev İlahim Ərəstun oğlu, Alməmmədov Mehman Allahverdi oğlu və şəxsiyyətləri istintaqla araşdırılan qeyrilərinin cinayət əlaqəsinə girərək 2017-2019-cu illər ərzində rəhbərlik etdikləri fəaliyyətsiz şirkətlərə dövlət müəssisələri tərəfindən satınalma təyinatı ilə köçürülmüş 1 milyon manatdan artıq pul vəsaitini qanuni görüntü yaratmaq üçün formal əqdlər bağlamaq yolu ilə mənimsəmələrinə, bununla da cinayət yolu ilə əldə etdikləri həmin pul vəsaitini leqallaşdırmalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında hazırda azadlıqdan məhrumetmə növündə cəzaçəkən İlahim Mehralıyev və Mehman Alməmmədova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, Gürcüstanın Marneuli rayonunda anadan olmuş, Azərbaycan vətəndaşı Mehman Alməmmədov vergi ödəyicisi kimi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmış “Caspi LTD” MMC, “OCEAN-2017” MMC, “Tersavuu” MMC, “Hentomm” MMC, “Uğur Servis-H” MMC, “Simus Trade" MMC, “Klassik Trade Group" MMC, “Artech” MMC, 12 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış “Firat Ticarət” MMC, “Malibu Finans” MMC; 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış “Volta-M” MMC, “Koressa” MMC, “Qrand Reklam” MMC, “Kvazi S” MMC; 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış “Grand Star” MMC və “Proqress-SV” MMC-lərin rəhbəri olub.
Adıçəkilən sahibkarın digər şəxslərlə birgə rəhbərlik etdiyi 16 müəssisə üzrə aparılan cinayət işinin istintaqı zamanı xüsusilə külli miqdar təşkil edən vergilərin – 1 milyon 597,7 min manat vəsaitin dövlət büdcəsinə ödəməkdən yayındırıldığı məlum olub.
Mehman Alməmmədov bir neçə il əvvəl paytaxt ərazisində quldurluq cinayətinə məruz qalıb. Ona hücum edən şəxs 190 min manatını götürərək qaçıb.
Bakı 


