• Bakı 18° C

    3.13 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

TRIPP: Regional barışdan qlobal miqyaslı təcrübəyə

SİYASƏT

24 Oktyabr 2025 | 14:49

TRIPP: Regional barışdan qlobal miqyaslı təcrübəyə

Cənubi Qafqazın dağlarla, dərələrlə örülmüş torpaqları tarixi boyunca müxtəlif mədəniyyətlərə, imperiyalara və ticarət yollarına ev sahibliyi edib.

Bu bölgə həm strateji mövqeyi, həm də zəngin təbii resursları ilə diqqət mərkəzində olub. İndi isə yeni bir layihə  bu qədim torpaqlarda həm coğrafi, həm də iqtisadi qapıları açmağa hazırlaşır.

Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan və Naxçıvan arasında qurulacaq bu körpü, sadəcə yolların birləşməsi deyil, həm də insanlar, ticarət və ümidlərin qarşılıqlı axını deməkdir.

Bu təşəbbüs, eyni zamanda, regionda uzun illər davam edən gərginliyi yumşaltmaq, münasibətləri normallaşdırmaq və qlobal strateji oyunçuların rolunu yenidən tənzimləmək üçün yeni imkanlar yaradır.

TRIPP layihəsi Cənubi Qafqazı yalnız coğrafi mənada deyil, həm də iqtisadi və siyasi baxımdan mərkəzə çevirən bir başlanğıcın simvoluna çevrilə bilər.

Bu layihənin regionda Azərbaycan-Ermənistan münasibətlərinə və ABŞ-nin Cənubi Qafqazdakı roluna təsiri necə olacaq?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Topçubaşov mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov bildirib ki, TRIPP layihəsi reallaşarsa, bir neçə cəhətdən faydalı ola bilər:

"İlk növbədə, bu layihə Azərbaycan-Ermənistan normallaşmasına töhfə verə bilər; xüsusilə ticarət sərhədlərinin açılması və regional kommunikasiya xətlərinin işə düşməsi baxımından əhəmiyyətlidir. Həmçinin, bu layihə iki ölkəni bir-birinə bağlayan mühüm amil kimi çıxış edir".

Rusif Hüseynov: Bir müddət sonra Azərbaycan və Cənubi Qafqaz regionu əsas ticarət mərkəzi rolunu oynayacaq

Onun sözlərinə görə, əgər ABŞ layihəyə ciddi maraq göstərib onu dəstəkləsə, bu, Amerikanın regiondakı mövqeyini gücləndirərək digər böyük güclərin, xüsusilə Rusiya və İranın təsirini azalda bilər: 

"TRIPP layihəsini yalnız Azərbaycan-Ermənistan və Cənubi Qafqaz kontekstində deyil, daha geniş qlobal miqyasda qiymətləndirsək, bu layihə transkontinental Orta dəhliz layihəsinin ən önəmli hissələrindən birinə çevrilə bilər".

Sonda Rusif Hüseynov vurğulayıb ki, bir müddət sonra Azərbaycan və Cənubi Qafqaz regionu əsas ticarət mərkəzi rolunu oynayacaq.

Əli Hüseynov


SON XƏBƏRLƏR