6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi
2025-ci ilin oktyabr ayı Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etdiyi beynəlxalq tədbirlərlə yadda qalıb.
Bakıvaxtı.az xatırladır ki, oktyabrın 2-də Kopenhagendə keçirilən 7-ci Avropa Siyasi İcması Sammitində iştirak edən Prezident, burada Avropanın təhlükəsizliyi və iqtisadi sabitliyi ilə bağlı məsələlərin müzakirəsinə qatılıb, həmçinin Ermənistanın baş naziri ilə görüşərək, ikitərəfli münasibətlərin normallaşdırılması istiqamətində dialoq aparıb.
Oktyabrın 7-də Qəbələdə baş tutan 12-ci Türk Dövlətləri Təşkilatı Sammitinə ev sahibliyi edən Azərbaycan, regional əməkdaşlıq və təhlükəsizlik mövzusunda vacib müzakirələrin mərkəzində olub. Sammitin əsas mövzusu "Regional Sülh və Təhlükəsizlik" idi. Prezident Əliyev, təşkilatın regional geosiyasi məkandakı rolunun artdığını və OTS+ formatının yaradılmasının vacibliyini vurğulayıb. Görüşlərdə, Zəngəzur dəhlizi və digər nəqliyyat layihələri də müzakirə olunub.
Dövlətimizin başçısının növbəti ünvanı Düşənbə oldu. Prezident İlham Əliyev oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edib. Bu iclas, MDB ölkələri arasında əməkdaşlığın gücləndirilməsi və regional məsələlərin müzakirəsi üçün mühüm bir platformadır.
Oktyabrın 13-də isə Prezident İlham Əliyev Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Sülh Sammitində iştirak edib. Sammitə ABŞ Prezidenti Donald Trump və Misir Prezidenti Əbdülfəttah Sisi ilə yanaşı, bir sıra Avropa və Yaxın Şərq ölkələrinin liderləri qatılıblar. Görüşdə, Qəzza müharibəsinin sona çatdırılması, humanitar yardımların təmin edilməsi və regionda uzunmüddətli sülhün bərqərar olması məsələləri müzakirə olunub. Prezident Əliyev, sammitin kənarında Ermənistanın Baş Naziri Nikol Paşinyan ilə də görüşərək, sülh prosesinin irəliləməsi üçün müzakirələr aparıb.

Azər Allahverənov: Azərbaycanın beynəlxalq tədbirlərdə iştirakı ölkəmizin artan nüfuzunun və Prezidentə olan böyük rəğbətin bariz göstəricisidir
Milli Məclisin deputatı Azər Allahverənov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanın dörd mötəbər beynəlxalq tədbirdə iştirakı ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və Prezident İlham Əliyevə olan böyük rəğbətin bariz göstəricisidir.
Deputatın sözlərinə görə, format və mövzu baxımından fərqli istiqamətlərə həsr olunsa da, hər dörd sammitin əsas məğzini regional təhlükəsizlik və sülh məsələləri təşkil edib:
“Sammitlərin gündəliklərinə və orada gedən proseslərə diqqət yetirdikdə aydın olur ki, bir çox inkişaf etmiş dövlətlərin liderləri ilk növbədə Prezident İlham Əliyevlə görüşməyə, onunla Avrasiya qitəsi üçün mühüm əhəmiyyət kəsb edən layihələri müzakirə etməyə can atıblar”.
Azər Allahverənovun sözlərinə görə, xüsusilə Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin toplantısında bu diqqət və maraq daha açıq şəkildə hiss olunub:
“Hərçənd dörd sammitin hər biri fərqli formatda keçirilib, bütün görüşlərdə müzakirə olunan məsələlər nəqliyyat və logistika, enerji təhlükəsizliyi, yaşıl enerji, iqlim dəyişikliyi, regional təhdidlər, kibercinayətkarlıq, ekstremizm və beynəlxalq terrorçuluqla mübarizə kimi mövzuların mərkəzində məhz Azərbaycanın rolu xüsusi vurğulanıb”.
Deputat vurğulayıb ki, Misirdə keçirilən Yaxın Şərq Sülh Sammiti də bu baxımdan xüsusi önəm daşıyır. Müsahibimiz əlavə edib ki, Misir Prezidenti və ABŞ Prezidentinin məhz İlham Əliyevi bu sammitə dəvət etməsi Azərbaycanın Yaxın Şərqdə sülh prosesində özünəməxsus rola malik olduğunu göstərir:
“Çünki Azərbaycanın sülh gündəliyi bu gün Cənubi Qafqaz üçün prioritet sayılan sabitlik və əməkdaşlıq modelinə əsaslanır”.
Allahverənov nəzərə çatdırıb ki, Azərbaycan bu yanaşması ilə qlobal səviyyədə inteqrasiya layihələrinin uğurlu icrasına xidmət edən bir model formalaşdırıb.
O vurğuıayıb ki, etibarlı tərəfdaş, güclü inkişaf strategiyasına malik dövlət kimi tanınan Azərbaycan bu strategiyanın bünövrəsini 44 günlük Vətən müharibəsindən sonra daha da möhkəmləndirib:
“Həmin dörd sammitdə qəbul edilən qərarlar, imzalanan sənədlər və bəyannamələr Azərbaycanın milli maraqları ilə üst-üstə düşür”.
Deputatın fikrincə, bu qərarlar həm ölkəmizin inkişaf strategiyasının uğurlu icrasını təmin edir, həm də Avrasiya qitəsində əhəmiyyətli layihələrdə iştirak edən dövlətlərin potensialının artırılmasına töhfə verir:
“Əməkdaşlıq mexanizmlərinə nəzər saldıqda da aydın olur ki, siyasi dialoq proseslərinin önündə Azərbaycan gedir. Bu isə ölkəmizin artan beynəlxalq nüfuzunun, güclənən imicinin və qlobal reputasiyasının açıq göstəricisidir”.

Hikmət Babaoğlu:İlham Əliyevin rəhbərliyi ilə formalaşan yeni beynəlxalq reallıq Azərbaycanın regional və qlobal səviyyədə mövqelərini möhkəmləndirir
Milli Məclisin deputatı Hikmət Babaoğlu isə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycan öz dövlətçilik tarixində tamamilə yeni bir mərhələyə qədəm qoyub.
Onun sözlərinə görə, əgər bu prosesin hərbi baxımdan başlanğıcı 2020-ci ilə yəni, Vətən müharibəsində qazanılan tarixi qələbəyə təsadüf edirsə, onun növbəti, daha dərin mərhələsi 2023-cü il sentyabrın 20-də həyata keçirilən lokal antiterror əməliyyatı ilə başlanıb.
Deputat qeyd edib ki, 2020-2025-ci illər ərzində keçilən beşillik yol Azərbaycanın yeni paradiqmalarının, hüquqi və siyasi reallıqlarının formalaşdığı dövr kimi tarixə düşüb:
“Bu prosesin beynəlxalq səviyyədə tanınması və qəbul edilməsi 2025-ci il avqustun 8-də ABŞ-də keçirilən üçtərəfli görüşlə təsdiqlənib. Həmin görüş Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqların dünya tərəfindən rəsmən qəbul olunmasının ilkin mərhələsi kimi qiymətləndirilə bilər”.
H.Babaoğlu hesab edir ki, bu nailiyyətlər böyük siyasi cəsarət, qətiyyət və müdriklik tələb edən bir proses idi:
“Azərbaycan bu mərhələni uğurla idarə etməklə yüksək diplomatik peşəkarlıq nümayiş etdirib. Prezident İlham Əliyev bütün bu proseslərin hərbi, siyasi və diplomatik memarı kimi çıxış edərək, Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunu daha da gücləndirib və dövlətin qlobal nüfuzunu xeyli artırıb”.
Deputat vurğulayıb ki, son aylarda baş verən bir sıra beynəlxalq hadisələr bu reallığın bariz təsdiqidir:
“Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin zirvə görüşü, Çində baş tutan Şanxay Əməkdaşlıq Təşkilatının sammiti, Azərbaycanda keçirilən Türk Dövlətləri Təşkilatının növbəti zirvəsi və Misirdə keçirilən Yaxın Şərq sülh konfransı dünyada yeni siyasi nizamın formalaşmasına təsir edən mühüm platformalardır”.
Müsahibimizin dediyinə görə, bu tədbirlərdə Azərbaycanın “arzuolunan tərəfdaş” kimi qəbul edilməsi, dövlət başçısına göstərilən diqqət və maraq, həm beynəlxalq təşkilatların, həm də ayrı-ayrı dövlətlərin Azərbaycanla əməkdaşlıq istəyi ölkəmizin artan nüfuzunu bir daha göstərir:
“Xüsusilə Çində keçirilən görüşdə dünyanın ən böyük dövlətlərindən, yəni Hindistandan tutmuş Mərkəzi Asiya ölkələrinə qədər bir çox dövlətin öz fəaliyyətini Azərbaycana münasibətdə tənzimləməsi, həmçinin Misirdəki Yaxın Şərq sülh konfransında minillərlə davam edən mürəkkəb problemin həllində Azərbaycanın rolunun vurğulanması, ölkəmiz üçün böyük qürur mənbəyidir”.
Hikmət Babaoğlu onu da qeyd edib ki, bütün bu proseslərin həm siyasi, həm diplomatik, həm də strateji memarı Prezident İlham Əliyevdir:
“Onun rəhbərliyi ilə formalaşan bu yeni beynəlxalq reallıq Azərbaycanın regional və qlobal səviyyədə mövqelərini möhkəmləndirir və ölkəmiz üçün daha geniş perspektivlər açır”.
Mina Mikayılova
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb
Bakı 



