• Bakı 17° C

    5.8 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Milli mənlik şüuru və vətənpərvərlik: yeni nəslin formalaşmasında prioritet istiqamətlər

LAYİHƏ

07 Noyabr 2025 | 14:02

Milli mənlik şüuru və vətənpərvərlik: yeni nəslin formalaşmasında prioritet istiqamətlər

6.3.10 Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Hər bir xalqın gələcəyi onun yetişməkdə olan gənclərindən asılıdır. 

Qeyd etmək lazımdır ki, gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən hesab olunur. Vətənpərvərlik ən dərin, ən müqəddəs və ən ülvi hisslərdən, duyğulardan biridir. Hər bir adamın tarixi qiyməti onun Vətənə, millətə xidməti ilə, əsl insanlıq ləyaqəti isə vətənpərvərlik hissi ilə ölçülür. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin milli vətənpərvərlik konsepsiyasında bütün xalqımızda, xüsusilə gənc nəsildə milli şüurun inkişafı  məsələsi mühüm yer tuturdu. Bu barədə Ulu Öndərimiz "Milli şüur hər bir insanın mənsub olduğu millətə və vətənə bağlılıq hissini əks etdirən, düşüncə tərzinə, baxışlarına olan münasibətlərin məcmusudur. Milli şüurun formalaşmasında vətənə məhəbbət, milli vətənpərvərlik və qürur hissləri kimi mühüm keyfiyyətlərlə yanaşı, özünüdərketmə, öz layiqli yerini müəyyənləşdirmə kimi nəcib hisslər də əsas rol oynayır" sözlərini işlədib. Dahi öndərin sözlərinə görə, hamımızın ümumi vəzifəsi xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir. 

Müasir Azərbaycanın banisi tərəfindən təməli qoyulan gənclər siyasətinin əsas məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin edib. "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında", "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında", "Dövlət gənclər siyasəti haqqında" qanun, fərman və sərəncamlar, həmçinin, "Gənc ailə", "İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı" və digər proqramlar çərçivəsində ölkəmizdə gənclərin sosial-maddi şəraitinin yüksəldilməsi, ictimai fəallığının artırılması istiqamətində mühüm fundamental baza olub.

Şübhəsiz ki, dövlətçilik tariximizin memarı gənclər siyasəti Onun ən layiqli siyasi varisi, ölkə başçısı, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Gənclərin vətənpərvərlik tərbiyəsinin, milli şüurunun inkişafı, mənzil - məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, asudə vaxtlarının səmərəli keçirilməsi və digər məsələlərin həlli üçün dövlət proqramları qəbul edilib, prezident fərmanı və sərəncamları imzalanıb, beynəlxalq hüquq prinsiplərinə əsaslanan qanunvericilik bazası yaradılıb. Çünki gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi dövlət - gənclər siyasətinin ən mühüm istiqamətlərindəndir. Bu istiqamətdə həyata keçirilən işlər çoxşaxəlidir. 

Sevindirici haldır ki, yetişməkdə olan əslin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində təkcə bu sahəyə cavabdeh olan müvafiq dövlət qurumları deyil, eləcə də yerli icra hakimiyyətləri, təhsil ocaqları və digərləri də xüsusi diqqət ayırırlar. Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən oğullarımızın ruhuna göstərilən yüksək etimad, onların adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlər gənclərin vətənpərvərlik hisslərinin artırılmasına müsbət təsir göstərən amillərdəndir.

Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ölkəmizin gələcəyi sayılan şəxslərin milli mənlik şüurunun inkişafı və vətənpərvərlik hisslərinin tərbiyəsi məsələsi təkcə təhsil və mədəniyyət sahəsinə aid deyil, həm də dövlətimizin gələcəyi, milli birliyimiz və mənəvi təhlükəsizliyimizlə birbaşa bağlıdır:

"Dünya sürətlə dəyişir. Qloballaşma, sosial media və texnologiya gənclərin düşüncəsini, dəyərlərini formalaşdırır. Belə bir dövrdə öz milli kimliyini qorumaq, vətən sevgisini və mənəvi köklərə bağlılığı saxlamaq hər zamankından daha vacibdir. Son illərdə Azərbaycan dövləti və cəmiyyətimiz bu istiqamətdə ciddi addımlar atıb. Təhsil sistemində milli-mənəvi dəyərlərin təbliği, Qarabağ Zəfərinin dərslərdə və ictimai tədbirlərdə gənclərə nümunə kimi təqdim olunması, könüllülük hərəkatının genişlənməsi, gənclər üçün yaradılan inkişaf və karyera mərkəzləri bu işin tərkib hissəsidir. Bu fəaliyyətlər nəticəsində gənclər arasında vətənə sevgi, dövlətçiliyə sədaqət və milli qürur hissi daha da möhkəmlənib". 

M. Məmmədlinin sözlərinə görə, görülən işlərlə yanaşı, qarşıda həllini gözləyən problemlər də var. Bəzi gənclərdə vətənpərvərlik hissi formal xarakter daşıyır. Yəni, onlar vətəni sevdiyini deyir, amma bu sevgi bəzən davranışda, ictimai fəallıqda, əmək mədəniyyətində özünü tam göstərmir.

Məzahir Məmmədli: Xarici mədəniyyət axınları, sosial media trendləri bir çox hallarda milli dəyərləri kölgədə qoyur

"Digər bir məsələ isə qlobal təsirlərin artmasıdır. Xarici mədəniyyət axınları, sosial media trendləri bir çox hallarda milli dəyərləri kölgədə qoyur. Bu da gənclərin öz kimliyindən uzaqlaşmasına səbəb ola bilər. Bu vəziyyətdə bizim əsas vəzifəmiz gənclərə "keçmişə bağlı qalın" demək deyil, milli dəyərləri müasir dünyanın tələblərinə uyğun şəkildə təqdim etməkdir. Birincisi, təhsil sistemində milli mənlik tərbiyəsi praktik xarakter almalıdır. Uşaqlara və gənclərə yalnız tarixdən danışmaq kifayət etmir, onlara milli dəyərləri davranışla, fəaliyyətlə göstərmək lazımdır. Məsələn, regionlara mədəni səfərlər, sosial layihələr, şəhid ailələri ilə görüşlər, könüllü fəaliyyətlər gənclərin vətən sevgisini daha real şəkildə formalaşdırır. İkincisi, media və sosial şəbəkələrdə milli dəyərlərin təbliği gücləndirilməlidir. Gənclər sosial mediada daha çox vaxt keçirirlər. Deməli, milli ruhun da məhz orada, onların gündəlik informasiya mühitində təbliği vacibdir. Gənclərə xitab edən müasir video layihələr, milli ruhlu bloqlar, podkastlar bu baxımdan çox təsirli ola bilər. Üçüncüsü, könüllülük və ictimai xidmət mədəniyyəti genişlənməlidir. Çünki gənc vətəni təkcə döyüşdə deyil, gündəlik həyatda elm, texnologiya, təhsil və mədəniyyət sahələrində də sevməyi öyrənməlidir", - deyə müsahibimiz əlavə edib.

Milli mənlik şüurunun bir xalqın ruhu olduğunu vurğulayan M. Məmmədli hesab edir ki, bu ruhu qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürmək hər birimizin borcudur. Həqiqi vətənpərvərlik yalnız şüar və bayramlarda deyil, əməkdə, məsuliyyətdə, dürüstlükdə və fədakarlıqda özünü göstərir:

"Unutmayaq ki, vətən sevgisi keçmişi qorumaqla yanaşı, gələcəyi qurmaq bacarığıdır. Biz gənclərə öz milli köklərini unutmayaraq müasir, savadlı, yaradıcı və məsuliyyətli vətəndaş olmağı öyrətməliyik. Yalnız o zaman Azərbaycan gənci həm dünyəvi düşüncəyə, həm də milli ruhuna sahib olacaq  və bu, dövlətimizin ən böyük zəfəri olacaq".

Sosioloq Nail Cəlil isə öz növbəsində Bakıvaxtı.az-ın əməkdaşına deyib ki, milli mənlik şüuru anlayışı milli kimliyi tanımaqla bağlı bir məsələdir. Bütün məsələlərdə olduğu kimi, bu məsələdə də gənclər həlledici qüvvə sayılırlar:

"Gənclərin milli maraqların ifadəsi baxımından rolu çox mühümdür. Ona görə ictimai, iqtisadi, siyasi, sosial, idman və mədəniyyət sferalarda gənclərin fəallığı və üstünlüyü çox vacibdir. Eləcə də gənclər millilik və müasirliyin daşıyıcısı olaraq, dəyərlərə münasibətdə qoruyucu qüvvəyə malikdir. Gənclərin fəaliyyəti olduqca mühüm prioritetdir. Gənclər əhalinin təxminən üçdə bir hissəsini təşkil etməklə, cəmiyyətdə sabitliyin qorunmasında və irəliyə aparılmasında əsas yükləri öz üzərlərinə götürürlər. Bu baxımdan təbliğat və fəaliyyətdə gənclər xüsusi hüquqa malik olmaları ilə seçilirlər. Təbii ki, bu mövzuyla bağlı maarrifləndirmə işləri davam etdirilməlidir".

Nail Cəlil: Təəssüf ki, əksər gənclər arasında ifrat radikallığa meyl təmayülləri aşkar olunur

Milli şüurun təbliğatında sosial-iqtisadi motivlərin əhəmiyyətli olduğunu qeyd edən N. Cəlilin fikrincə, bu motivlər milli maraq və rifahın təkminləşdirilməsində xüsusi rola malikdir. 

"Təəssüf ki, əksər gənclər arasında ifrat radikallığa meyl təmayülləri aşkar olunur. Bunun qarşısının alınması və sağlam düşüncənin formalaşması üçün gənclərin karyerası, sağlamlığı, ailə həyatı ilə bağlı hədəfləri üzrə dövlət proqramlarının tətbiqinə ehtiyac var. Bu kontekstdə  "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ilk uzunmüddətli proqramlardan biri hesab olunur. Bununla yanaşı, hər 5 ildən bir gənclərlə bağlı xüsusi dövlət proqramları qəbul olunur. Bu addımlar gənclərə münasibətdə vahid dövlət siyasətinin formalaşması baxımından çox əhəmiyyətlidir. Sözügedən məsələdə Gənclər və İdman Nazirliyinin fəaliyyəti də böyük əhəmiyyətə malikdir", - deyə sosioloq əlavə edib.

Müsahibimiz hesab edir ki, gənclər tək gənc olduqlarına görə deyil, həm də cəmiyyətin bərabərhüquqlu vəəndaşları olduğuna görə gənclik yaş dönəmində zəruri olan diqqət və qayğını görməlidirlər:

"Gənclərə milli inkişaf proqramları çərçivəsində xüsusi mənzillərin ayrılması, gənc ailələrə güzəşli ipotekaların verilməsi, gələcəkdə uşaqpulunun ödənməsi yeni nəsilin artmasına və demoqrafiya səviyyəsinin yüksəlməsinə təkan verə bilər". 

Gülşən Şərif

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR