6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi
Bu gün gənc nəslin milli mənlik şüurunda və vətənpərvərlik ruhunda yetişməsi ölkəmizin diqqət mərkəzində olan məsələlərdən biridir.
Bakıvaxtı.az bildirir ki, yalnız vətənini sevən gənclik suverenliyin, ərazi bütövlüyünün qoruyucusuna çevrilə bilər. Azərbaycan dövlətinin ən başlıca ideologiyasından biri uşaq və gənclərin milli mənlik şüurunun və onlarda vətənpərvərlik hisslərinin dünyəvi prinsiplər əsasında formalaşmasıdır. Bu gün Azərbaycan əhalisinin mühüm bir hissəsi gənclərdən ibarətdir. Hər keçən gün onların cəmiyyətdə çəkisi və rolu artır. İndiki dövrdə gənclərin dinamikliyi daha çox diqqəti cəlb edir. Xüsusən, də müasir informasiya-kommunikasiya texnologiyalarının timsalında bu özünü daha qabarıq göstərir. Belə bir dövrdə Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması qarşıda duran mühüm vəzifələrdən hesab olunur.
Ölkə başçısı İlham Əliyevin "Bizə sağlam millət lazımdır, sağlam, yeni gənc nəsil lazımdır. Bilikli, savadlı, bütün dünyada gedən proseslərə bələd olan, gözəl təhsil alan, öz biliyi və savadı ilə Azərbaycanın gələcək inkişafına töhfə verəcək gənc nəsil lazımdır, vətənpərvər gənc nəsil lazımdır" sözləri də onu göstərir ki, bəşəriyyətin yeni dəyərlər qazandığı XXI əsr xalqımızın, millətimizin və müstəqil dövlətimizin qarşısında müəyyən vəzifələr qoyub. Milli mənlik şüuru sayəsində millət, xalq və etnik qrup dünyada baş verən inkişaf qanunauyğunluqlarına yaradıcı münasibət bəsləyərək, bu və ya digər hadisələrə öz münasibətini bildirir.
Məlumdur ki, milli mənlik şüuru ictimai şüurdan kənarda mövcud deyil. Mənlik hissi insanın özünün fikir və hisslərinin, mənafe və məqsədlərinin öyrənilməsinə yönəlir. Dövlətimizin bu sahədə qəbul etdiyi qanunlar mənəvi zənginliyi, əxlaqi saflığı, fiziki kamilliyi ahəngdar surətdə özündə birləşdirən yeni insan tərbiyəsini mühüm vəzifə kimi qarşıya qoyur. Bu baxımdan, fiziki cəhətdən möhkəm, sağlam uşaqların tərbiyə edilməsi, onlara milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin aşılanması məktəbəqədər tərbiyə müəssisələrindən böyük məsuliyyət tələb edir. Hər bir vətəndaşın milli mənlik şüurunun formalaşdırılması onun cəmiyyətdə, ictimai münasibətlərin bütün sistemində tutduğu və oynadığı rolu müəyyənləşdirir, onun mənəvi keyfiyyətlərinin qabarıq ifadəsinə çevirir.
Araşdırmalar göstərir ki, milli şüuru inkişaf etmiş hər bir xalq millətin ümumi mənafeyini dəyərləndirərək onun rifahı üçün fədakarlıqla çalışır. Tarix qarşısında öz missiyasını aydın dərk edən hər bir millət öz gələcəyini daha da xoşbəxt etmək üçün inamla və ardıcıllıqla məqsədə doğru irəliləyir. Müasir dövrümüzdə gənclərin cəmiyyətdə özünə yer tapması, əməyə, vətəni müdafiəyə hazır olması, eləcə də onlarda vətəndaşlıq mövqeyinin formalaşması dövlətimizi ciddi düşündürür.
Unutmamalıyıq ki, ərazi bütövlüyümüzün, suverenliyimizin qorunması məsuliyyəti ən çox Azərbaycan gənclərinin üzərinə düşür. Elə buna görə də hazırda Azərbaycanda həyata keçirilən siyasətin mahiyyəti ondan ibarətdir ki, bu tərbiyə məhfumları bütöv bir sistemin hissələri kimi gənc nəslin tərbiyəsində, onların düşüncələrinə, əxlaqlarına, hisslərinə və iradəsinə təsir edə biləcək məzmunda aşılansın. Onu da qeyd edək ki, gənclərin vətənpərvər ruhda yerləşdirilməsində psixoloji təsirlər də danılmazdır.
Lamiyə Qurbanova: Milli mənlik şüuru dilin, adət-ənənələrin və mədəni irsin qorunmasına xidmət edir
Milli mənlik şüurunun inkişaf etdirilməsinin psixoloji cəhətdən cəmiyyətə qazandıqları ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetin dosenti, psixologiya üzrə fəlsəfə doktoru Lamiyə Qurbanova öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.
Onun sözlərinə görə, məktəblərimizdə çox yüksək səviyyədə şagirdlərimizə vətənpərvərlik hissi aşılanır:
"Kiçik övladım Elxan Məhəmmədzadə II Qarabağ Müharibəsi iştirakçısıdır (veterandır). Övladım cəbhədən geri qayıtmışdı və biz onu qalib əsgər olaraq qarşılayıb ətrafına toplaşdıq, təbii ki, əsgərlərimizin cəbhədəki hünərlərindən suallar verirdik. Övladım əynindəki paltarları çıxardarkən cibindən bir məktubu mənə uzatdı və dedi ki, Ana, bu məktub mənə cəbhədə böyük stimul verdi və geri sağ-salamat qayıtmağımda sanki mənə bir qoruyucu "dua" rolu oynadı. Məktub haqqında soruşdum. Belə məlum oldu ki, məktubu cəbhəyə məktəblilər göndəribmiş. Məktubun məzmunu əsgərlərimizin döyüş ruhunu artırmaq məqsədli cümlələrdən ibarət idi, sonda isə məktubu yazan şagird xahiş edirdi ki, onun məktubunu oxuyan əsgər cəbhədən qayıtdıqdan sonra onunla görüşsün (məktəbinin nömrəsini, ünvanını da qeyd etmişdi). Övladım bir neçə gündən sonra həmin şagirdə çoxlu hədiyyələr alaraq görüşünə getdi və şagirdin, eləcə də onun valideynlərinin sevinclə onu qarşılaması hələ də bu günə qədər xoş xatirə olaraq qəlbimizdədir. Bu hadisəni nəql etməkdə məqsədim odur ki, deməli, məktəblərimizdə çox yüksək səviyyədə şagirdlərimizə vətənpərvərlik hissi aşılanır. Təbii ki, ailədən və məktəbdən təməli qoyulmuş vətənpərvərlik hissi zaman-zaman möhkəmlənəcək və milli-mənlik şüurunun inkişafı ilə düz mütənasiblik təşkil edəcək".
Milli mənlik şüuruna malik insanın öz kimliyini dərk etdiyini və şəxsiyyətində sabitlik yarandığını bildirən L Qurbanova qeyd edib ki, bu, kimlik böhranının qarşısını alır. Həmçinin milli dəyərlərə bağlılıq insanlarda özünəinamı və daxili güvəni artırır. Belə bir şüur mənəvi dayaq rolunu oynayır və çətinliklərdə insana həyat yolunu davam etdirmək üçün güc verir, cəmiyyətin həmrəyliyini təmin edir.
"İnsanlar ortaq dəyərlər ətrafında birləşərək milli birlik və sosial sabitliyə töhfə verirlər. Bununla yanaşı, milli mənlik şüuru dilin, adət-ənənələrin və mədəni irsin qorunmasına xidmət edir. İnsanlarda sosial məsuliyyət və vətəndaşlıq duyğusu artır, cəmiyyətin inkişafı üçün fəaliyyətə motivasiya yaranır. Milli kimlik gücləndikcə cəmiyyət yad təsirlərə qarşı daha dayanıqlı olur, kollektiv güc formalaşır, insanlar ortaq mənsubiyyət əsasında daha güclü sosial dəstək şəbəkələri yaradırlar. Milli mənlik şüuru stresə davamlılığı da artırır. Böhran zamanı cəmiyyət öz dəyərlərinə söykənərək daha tez toparlana bilir. Milli kimliyini dərk edən insan başqalarının kimliyinə də hörmətlə yanaşır, bu isə sağlam münasibətlərin əsasını təmin edir", - deyə müsahibimiz izah edib.
Dosent vurğulayıb ki, təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin tək bilikləri deyil, həm də şəxsi keyfiyyətləri şagirdlərin şəxsiyyətinin formalaşmasına töhfə verir:
"Təbii ki, müəllimlərin mənəvi dəyərlərinin, milli-mənlik şüurunun, eləcə də vətənpərvərlik hisslərinin keyfiyyəti şagirdlərə sirayət edir. Bu baxımdan müəllim yalnız bilik ötürən şəxs deyil, həm də şagirdlər üçün nümunəvi davranış modeli rolunu oynayır. Onun milli-mənlik şüuru və vətənpərvərlik duyğuları dərs prosesində sözlərlə yanaşı, gündəlik münasibət və davranışlarda da əks olunur. Şagirdlər müəllimin sadəcə öyrətdiyi faktları deyil, həm də onun dünyaya baxışını, milli dəyərlərə münasibətini, vətənə olan bağlılığını mənimsəyirlər. Beləliklə, müəllimin şəxsiyyətindəki bu cəhətlər gələcək nəsildə milli kimliyin, vətənə sevginin və mənəvi məsuliyyətin formalaşmasına birbaşa təsir göstərir. Bu isə bütövlükdə cəmiyyətin sağlam inkişafı və milli şüurun möhkəmlənməsi üçün mühüm amildir.
Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda Prezidentimiz İlham Əliyev qeyd etmişdi: “Elə bir gənc nəsil yetişdi ki, Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər...!”. Bu fikirlər bir daha sübut edir edir ki, təhsil ocaqlarında dərs deyən müəllimlər vətənpərvər valideynlərlə əl-ələ verərək yüksək keyfiyyətli gənc nəsil yetişdirə bilmişlər. Deməli, bu ənənə davam etməlidir".
Gülşən Şərif
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb