Türkiyədə yaşayan azərbaycanlı sənətkar Roza İbadova-Kocamaz Mingəçevirdə 19 yaşlı Ləman Məmmədlinin faciəli ölümü ilə bağlı danışıb.
Həmsöhbətimiz Bakıvaxtı.az-a danışarkən cəmiyyəti məsuliyyətə və düşünməyə çağırıb.
“Hər kəs papağını qabağına qoyub nəticə çıxarsın. Bu, bir nəfərin işi deyil. Bu toyun baş verməsinə səbəb olan, keçirilməsinə kömək edən, baş verən qarşıdurmalara göz yuman hər kəs günahkardır”, – deyə İbadova bildirib.
Sənətkar gənclərin həyatında ağsaqqal və ağbirçəklərin rolunun önəmini vurğulayıb:
“Yəqin, içlərində ağsaqqalları, ağbirçəkləri olmayıb. Biz susduqca nə qədər qızlarımız öləcək?”.
O, valideynlərə müraciət edərək qız övladlarına inam göstərməyə, onları təhsilə və peşəyə yönləndirməyə çağırıb:
“Atalar, analar, qızlarınıza güvənin. Onları bir peşəyə yönləndirin. Onlara yaxşı xarakter, elm aşılayın”.
Roza İbadova həmçinin cəmiyyətin bu kimi hallara qarşı daha həssas yanaşmasının vacibliyini vurğulayıb:
“Bütün bu məsələlər belə bir zamanda olmamalıdır. Oturub düşünün, övladlarınızla məsləhətləşin. Görün, onlar xoşbəxt olacaqlarmı, olmayacaqlarmı?”.
Xatırladaq ki, oktyabrın 18-nə keçən gecə Mingəçevirdə 19 yaşlı Ləman Məmmədlinin meyiti şəhərin Günəşli Bağlar adlanan ərazisində asılı vəziyyətdə tapılıb. Bildirilib ki, Ləman 35 yaşlı kişi ilə nişanlı imiş və bir neçə gün əvvəl cütlüyün qız toyu keçirilib, noyabrın 1-də isə oğlan toyu planlaşdırılırmış. Hadisədən əvvəl bəylə gəlin arasında mübahisə yaşandığı iddia edilir.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.
Əli Hüseynov
Bakı 


