Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Ermənistan Baş naziri Nikol Paşinyanı ermənicə salamlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə səfir sosial media hesabında paylaşım edib.
Diplomat bildirib ki, dünən Berlində DGAP təşkilatında Ermənistan Baş naziri N.Paşinyanın iştirakı ilə keçirilən tədbirə qatılıb:
"Çıxışlardan sonra mənə söz verildi. Regionda baş verən sülh və transformasiyadan, Azərbaycanın sülh gündəliyinin təşəbbüskarı olmasından danışdım. Həmçinin, Vaşinqtonda əldə olunmuş razılaşmalara tam şəkildə əməl olunmasının, xüsusilə TRIPP marşrutunun açılmasının və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin yaradılmasının vacibliyini qeyd etdim. Sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasına müvafiq dəyişikliklərin edilməsinin zəruriliyini diqqətə çatdırdım".
N.Ağayev daha sonra sülhün rəmzi və təzahürü olaraq Ermənistan Baş nazirini ermənicə salamlamasından söz açıb:
"Erməni səfirlərinə də müraciət edərək onları Azərbaycan dilində kəlmələr öyrənməyə və azərbaycanlılarla rastlaşarkən bu kəlmələrdən istifadə etməyə çağırıram. Davamlı sülh və barışıq həm də bir-birinin dilinə və mədəniyyətinə hörməti özündə ehtiva edir. Öz ərazi bütövlüyünü və suverenliyini, eləcə də tarixi ədaləti tam şəkildə bərpa etmiş Azərbaycan yüksək mənəvi dəyərlərə sahib sülhpərvər dövlət olduğunu hər gün bir daha bütün dünyaya sübut edir və bundan sonra da edəcək".
Bakı 




