Xəbər verdiyimiz kimi, dekabrın 23-də Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Türkiyə Respublikasının Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə II Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçiriləcək.
Bakıvaxtı.az xəbər verir i, bu məqsədlə bu gün media nümayəndələri üçün xüsusi mətbuat konfransı təşkil olunub.
Konfransda bildirilib ki, Forumda hər iki ölkədən yüksək vəzifəli rəsmi şəxslər, dövlət qurumları, iş adamları, sahibkar birlikləri və palataları təmsil edən 500-dən çox nümayəndənin iştirakı nəzərdə tutulur. Tədbir Azərbaycan və Türkiyə arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, biznes əməkdaşlığının genişləndirilməsi və yeni investisiya imkanlarının təqdim olunması üçün strateji əhəmiyyət daşıyır.
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfırat bildirib ki, Azərbaycan Orta Dəhlizdə əsas açar ölkəyə çevrilir. Onun sözlərinə görə, Qarabağ müharibəsindən sonra Azərbaycanın regionda iqtisadi və nəqliyyat baxımından strateji mövqeyi daha da güclənib.
Büyükfırat deyib ki, Orta Dəhlizin aktivləşməsi, Qarabağ Zəfərindən sonra Azərbaycanın parlayan ulduza çevrilməsi bölgədə yeni ticarət imkanları yaradıb:
“Bu prosesdə Azərbaycan təkcə tranzit deyil, həm də regionun əsas açar ölkəsinə çevrilir. Biz iş adamları olaraq bu reallığı düzgün oxuyuruq və fəaliyyətimizi məhz bu istiqamətdə qururuq”.
TÜİB sədri əlavə edib ki, Orta Dəhliz və regional ticarətin inkişafı məqsədilə təşkil olunan forumun birincisi uğurla keçirilib və ikincisinin də bu il baş tutması planlaşdırılır.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı isə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən işlərdə iştirak üçün müraciət edən Türkiyə şirkətlərinini sayını açıqlayıb. Onun sözlərinə görə, indiyə qədər 100-dən çox Türkiyə şirkəti belə müraciət edib.
Tədbirdə xatırladılıb ki, 2023-cü il dekabrın 21-də Bakıda “I Azərbaycan–Türkiyə İnvestisiya Forumu” uğurla baş tutub. Forumda 600-dən çox nümayəndə iştirak etmiş, enerji, ticarət, kənd təsərrüfatı, müdafiə sənayesi və sağlamlıq turizmi üzrə panel sessiyalar keçirilib.
Artan iqtisadi əməkdaşlıq fonunda bu il keçiriləcək II Forum daha geniş proqramla həyata keçiriləcək və iki ölkə arasında strateji tərəfdaşlığın iqtisadi əsaslarını gücləndirmək məqsədi daşıyır.
Qeyd olunub ki, Forum açılış mərasimi, imzalanma mərasimi, investisiya təqdimatları və 6 tematik paneldən ibarət olacaq:
Panel 1: Regionlararası ticarət və logistika dəhlizləri
Panel 2: Aqrar tərəfdaşlıq – dayanıqlı inkişaf və qida təhlükəsizliyi
Panel 3: Enerji transformasiyası – innovasiya və COP29 sonrası perspektivlər
Panel 4: Yaşıl şəhərsalma və davamlı infrastruktur
Panel 5: Azərbaycan–Türkiyə biznes əməkdaşlığı – çağırışlar və imkanlar
Panel 6: Sənaye 4.0 – gələcəyin texnologiyaları
Türkiyə şirkətlərinin Azərbaycan iqtisadiyyatının aparıcı sektorları, sənaye və logistika infrastrukturu ilə tanış olması üçün sənaye parklarına, azad iqtisadi zonalara və logistika mərkəzlərinə səfərlər təşkil olunacaq.
Murad Məmmədli
Bakı 









