Son dövrlərdə sosial mediada aparılan geniş müzakirələr göstərir ki, cəmiyyətin evlilik qərarları və həyat standartları əvvəlki kimi sosial-psixoloji deyil, getdikcə daha çox iqtisadi amillərdən asılı vəziyyətə düşür. Yüksək maaşlı iş yerlərinin məhdudluğu, gənclərin gəlir gözləntiləri və artan yaşayış xərcləri ailə qurma prosesinə birbaşa təsir edir.
Mövcud iqtisadi reallıqlar fonunda ailələrin həyat planlarını yenidən formalaşdırması isə mühüm bir sualı gündəmə gətirir:
Bu dəyişikliklər millətimizin demoqrafik dinamikasına və sosial davranış modellərinə uzunmüddətli perspektivdə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən sosioloq Üzeyir Şəfiyev deyib ki, ailəyə təsir göstərən amillər çoxdur və bu təsirlər təkcə iqtisadiyyata bağlı deyil:
"Məlumat axını, sosial şəbəkələrdə formalaşan trendlər, müxtəlif icmaların və qrupların təbliğatı ailə institutuna ciddi təsir göstərir".
Onun sözlərinə görə, artıq iqtisadi faktorlar əsas müəyyənedici güc deyil. Bu gün ailələr daha çox psixoloji təzyiq və informasiya yükü altında qalırlar:
"Buna görə də yalnız iqtisadi aspektə fokuslanmaq tam ədalətli olmaz. Xüsusilə, influserlər və bloqerlər geniş auditoriyaya sahib olduqları üçün ailə dəyərlərinin formalaşmasına, davranış modellərinə və sosial münasibətlərə birbaşa təsir edirlər".

Üzeyir Şəfiyev: Yalnız iqtisadi aspektə fokuslanmaq tam ədalətli olmaz
O vurğulayıb ki, bu təsirlər bəzən müsbət olsa da, çox vaxt ailə içində konfliktlərə, gözləntilərin dəyişməsinə və sosial təzyiqin artmasına səbəb olur.
Nəticə olaraq, belə demək olar ki, müasir ailə institutuna təsir edən amillər təkcə iqtisadi reallıqlarla məhdudlaşmır. Genişlənən informasiya axını, sosial şəbəkələrdə formalaşan yeni davranış modelləri, influser və bloqerlərin yaratdığı təsir mühiti ailə dəyərlərini, gözləntiləri və münasibətləri yenidən şəkilləndirir.
Bu dəyişikliklər cəmiyyətin demoqrafik dinamikasına və sosial strukturuna uzunmüddətli perspektivdə ciddi təsir göstərə bilər.
Ailənin davamlı və sağlam formalaşması üçün həm iqtisadi sabitlik, həm də informasiya mühitində psixoloji dayanıqlığın gücləndirilməsi əsas prioritetlərdən biri kimi qalır.
Əli Hüseynov
Bakı 




