• Bakı C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1527

İmişlidə hicab qalmaqalı: Şagirdlər dərsə buraxılmadı - QANUN NƏ DEYİR?

CƏMİYYƏT

11 Mart 2026 | 15:33

İmişlidə hicab qalmaqalı: Şagirdlər dərsə buraxılmadı - QANUN NƏ DEYİR?

Xəbər verdiyimiz kimi, İmişlidəki 8 saylı tam orta məktəbdə hicablı şagirdlərin dərslərə buraxılmaması ilə bağlı iddialar müzakirələrə səbəb olub. Bildirilir ki, məktəbin direktoru Rəna Quliyevanın qərarı ilə hicablı şagirdlərin məktəbə daxil olmasına məhdudiyyət qoyulduğu irəli sürülür. Bununla belə, məsələ ilə bağlı ünvanlanan suallar direktor tərəfindən cavabsız qalıb.

Yaranmış vəziyyət bir sıra hüquqi suallar doğurur: Azərbaycan qanunvericiliyində şagirdlərin hicabla məktəbə gəlməsi ilə bağlı konkret qadağa və ya icazə varmı? Məktəb rəhbərliyi hicablı şagirdlərin dərsə buraxılmaması barədə qərar vermək səlahiyyətinə malikdirmi, yoxsa bu hal şagirdlərin təhsil hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir? Valideynlər belə hallarla qarşılaşdıqda hüquqi baxımdan hansı addımları ata bilərlər?

Bununla bağlı Bakıvaxtı.az-ın suallarını cavablandıran hüquqçünas Ayxan Məmmədli bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, ümumilikdə şagirdlərin təhsil hüququ Konstitusiya və digər normativ hüquqi aktlarla təmin olunub. Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsi hər kəsin təhsil alma hüququnu təmin edir və bu hüququn heç bir əsasla məhdudlaşdırıla bilməyəcəyini bildirir. Məktəb rəhbərliyi yalnız qanunla müəyyən edilmiş tələbləri tətbiq edə bilər və fərdi geyim, o cümlədən dini geyimlərlə bağlı konkret qadağalar qanunvericilikdə nəzərdə tutulmayıb. Hazırkı Azərbaycan qanunvericiliyində şagirdlərin hicab geyməsi ilə bağlı konkret qadağa və ya icazə norması yoxdur.

Hüquqşünas qeyd edir ki, məktəblər şagirdləri hicabına görə dərsdən kənarlaşdırmaq səlahiyyətinə malik deyil. Hicabla məktəbə gəlmək, şagirdlərin dini inanclarını ifadə etməsi kimi qiymətləndirilir və bunun özü təhsil hüququnun məhdudlaşdırılması kimi qəbul edilə bilər:

"Məktəb rəhbərliyi belə hallarda yalnız ümumi məktəb qaydalarını pozduğunu əsas gətirə bilər, lakin dini geyimlə bağlı qadağa qanunla təsbit edilməyib. Əgər şagird hicabına görə dərsdən kənarlaşdırılırsa, bu, Azərbaycan Respublikasının Təhsil haqqında Qanununa və Konstitusiyasına zidd hesab edilə bilər. Valideynlər ilk növbədə məktəb rəhbərliyi ilə yazılı müraciət edə və bu qərarın səbəblərini soruşa bilərlər".

Ayxan Məmmədli: Belə münaqişələrdə məhkəmə instansiyaları şagirdin hüquqlarını qorumağa üstünlük verir

Müsahibimiz qeyd edib ki, məktəb rəhbərliyindən cavab alınmazsa, valideynlər Elm və Təhsil Nazirliyinə şikayət edə bilərlər:

"Həmçinin, valideynlər hüquqi müdafiə üçün vəkil vasitəsilə məhkəməyə müraciət edə bilərlər. Məktəb tərəfindən şagirdin hicabına görə təhsildən məhrum edilməsi hüquqi olaraq mübahisəli və qanunsuz hesab edilə bilər. Valideynlər məktəb tərəfindən verilmiş qərarın qanunsuzluğunu əsaslandırmaq üçün yazılı sənədlər, məktəb qaydaları və digər normativ aktlardan istifadə edə bilərlər. Azərbaycan Respublikası Təhsil Nazirliyi də şagirdlərin dini geyimlərinə görə diskriminasiyanı qadağan edir. Hüquqi müdafiə zamanı Konstitusiyanın 42-ci maddəsi, Təhsil haqqında Qanun və digər müvafiq normativ aktlar əsas götürülə bilər".

Hüquqşünas bildirib ki, məktəb rəhbərliyi yalnız ümumi davranış qaydalarını pozan hallarda sanksiya tətbiq edə bilər, dini ifadə vasitəsi kimi hicabı qadağan etmək hüququ yoxdur. Hicablı şagirdin təhsil hüququnun təmin olunması üçün dövlət qurumlarına müraciət etmək hüquqi çərçivədə əsas addımdır. Valideynlər həmçinin insan hüquqları üzrə milli və beynəlxalq mexanizmlərə, o cümlədən Azərbaycan Respublikasının Ombudsmanı institutuna müraciət edə bilərlər. Məktəb tərəfindən təzyiq və ya zorakılıq halları aşkar edilərsə, bu, hüquqi məsuliyyətə səbəb ola bilər:

"Valideynlər şagirdin hüquqlarını qorumaq üçün həm yazılı, həm də elektron müraciət vasitələrindən istifadə edə bilərlər. Məktəb rəhbərliyi ilə dialoq aparmaq və qanuni əsaslarla həll yolu tapmaq tövsiyə olunur. Hicabla məktəbə gəlmək, dini inancların ifadəsi kimi qəbul edildiyindən, təhsil hüququna müdaxilə edilməməlidir. Valideynlər hüquqlarını müdafiə etmək üçün həm yerli, həm də beynəlxalq hüquqi vasitələrdən istifadə hüququna malikdir. Məktəb rəhbərliyi şagirdin hicabına görə məhdudiyyət tətbiq edərsə, bu, diskriminasiya aktı kimi qiymətləndirilə bilər. Valideynlər, hüquqi prosesləri izləyərkən, mövcud qanunvericilik və Təhsil Nazirliyinin tövsiyələrinə əsaslana bilərlər".

A.Məmmədli qeyd edib ki, məktəb və valideyn arasında yaranan münaqişələrdə məhkəmə instansiyaları şagirdin hüquqlarını qorumağa üstünlük verir. Hicablı şagirdin təhsildən kənarlaşdırılması hallarında hüquqi müdafiə üçün əsaslı sənədlər və sübutlar toplamaq vacibdir. Məktəb rəhbərliyi hüquqi normativlərə zidd hərəkət edərsə, bu həm inzibati, həm də vətəndaş hüquqi məsuliyyət doğura bilər:

"Valideynlər hüquqi yardım üçün vəkillərlə əməkdaşlıq edə və müvafiq məhkəmələrdə iddia qaldıra bilərlər. Bu prosesdə məqsəd şagirdin təhsil hüququnun pozulmamasını təmin etməkdir. Məktəb rəhbərliyi qanunsuz qərar verərsə, Təhsil Nazirliyi və Ombudsman tərəfindən tədbirlər görülə bilər. Nəticədə, şagirdlərin hicabla məktəbə gəlməsi hüquqi cəhətdən qorunur və valideynlər bütün mövcud hüquqi mexanizmləri tətbiq edə bilərlər".

Qeyd edək ki, məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil Şöbəsinə ünvanladığımız sorğu cavabsız qaldı.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR