Avropada enerji təhlükəsizliyi və iqtisadi inteqrasiyanı gücləndirmək məqsədilə üç əsas Avropa ölkəsi arasında videokonfrans keçirildi. Bu görüşdə əsas diqqət regional enerji koordinasiyasının artırılmasına, enerji resurslarının təhlükəsizliyinin təmin olunmasına və iqtisadi sadələşdirmə təşəbbüslərinin praktik icrasına yönəldildi.
Son dövrlərdə enerji bazarlarında qiymətlərin kəskin dəyişməsi, geosiyasi gərginliklər və İran-İsrail regionunda baş verən münaqişələr Avropanın enerji asılılığını və iqtisadi stabilliyini risk altına salır.
Belə bir kontekstdə videokonfransın təşəbbüsü, həm enerji resurslarının diversifikasiyası, həm də bürokratik və ticarət maneələrinin azaldılması istiqamətində addım kimi qiymətləndirilə bilər.
Lakin real təsirin ölçülməsi üçün görüləcək tədbirlərin konkretliyi, iştirakçı ölkələrin siyasi iradəsi və koordinasiyanın praktik nəticələrə çevrilməsi həlledici rol oynayacaq.
Bu təşəbbüs Avropa enerji siyasətində əhəmiyyətli dönüş yaradacaq, yoxsa yalnız formal bürokratik deklarasiya olaraq qalacaq?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, Avropa İttifaqı ölkələri hazırda enerji təhlükəsizliyi ilə bağlı yaranmış problemlərdən çıxış yolları axtarır:
"Dünya bazarlarında enerji resurslarının qiyməti sürətlə qalxır. Xüsusilə İran münaqişəsinin başlanmasından sonra enerji təhlükəsizliyi Avropa İttifaqı üçün ciddi problemə çevrilib".

Elçin Xalidbəyli: Xüsusilə inflyasiyanın sürətlənmə ehtimali ciddi narahatlıq doğurur
Onun sözlərinə görə, Avropada ən ciddi narahatlıq ondan ibarətdir ki, əgər indiki vəziyyət davam edərsə və hətta daha da dərinləşərsə, enerji resurslarının qiyməti daha da arta bilər:
"Bu isə Avropa məkanında maliyyə-iqtisadi böhran yarada bilər. Xüsusilə inflyasiyanın sürətlənmə ehtimali ciddi narahatlıq doğurur. Əgər bütün bunlar qaçılmaz olarsa, Avropa məkanını sosial narazılıqların bürüyə biləcəyi də ehtimal olunur. Yəni Avropa İttifaqı ölkələri kütləvi etiraz dalğası ilə üzləşə bilər. Ona görə də mövcud vəziyyətdən çıxış yolları axtarılır".
Həmsöhbətimiz vurğulayıb ki, bəzi ehtimallara görə, dünyanın əsas enerji mənbələrindən biri sayılan Rusiyaya qarşı sanksiyaların nisbətən yumuşaldılması mövzusu artıq müzakirə edilməyə başlanıb:
"Qərb ölkələri enerji təhlükəsizliyi çərçivəsində yeni enerji mənbələrinə çıxış imkanlarını araşdırır. Əsas məqsəd İran münaqişəsi ucbatından dünya bazarlarında enerji resurslarının qiymətinin artmasının qarşısını almaq və nisbətən ucuz qiymətə enerji ehtiyaclarını ödəməkdir. Hazırda Avropa ölkələrinin enerji təhlükəsizliyi ciddi problemlərlə üzləşir və çıxış yollarının yaxın vaxtlarda tapılması hələ inandırıcı görünmür".
Əli Hüseynov
Bakı 




