Deputat Müşfiq Məmmədli Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərdə 3-cü bəndlə bağlı yanaşmanın daha ciddi və prinsipial olmalı olduğunu bildirib.
Bakıvaxtı.az xəbər verir ki, onun sözlərinə görə, dövlət büdcə vəsaitlərini idarə edən vəzifəli şəxslər üçün “ziyanı ödəyib məsuliyyətdən azad olunma” prinsipi kifayət deyil və bu norma sui-istifadəyə yol aça bilər.
Deputat qeyd edib ki, dövlət vəsaitlərinin mənimsənilməsi hallarında ziyanın ödənilməsi sonradan həmin şəxslərin yenidən məsul vəzifələrə təyin olunmasına əsas yaratmamalıdır, çünki bu, ictimai etimada və dövlət idarəçiliyinin nüfuzuna zərbə vurur.
O, fikrini iki faktla əsaslandırıb: bir halda xəstəxana rəhbəri külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı ittihamı ilə məsuliyyətə cəlb olunsa da, ziyanın bir hissəsini ödədikdən sonra şərti cəza alıb və daha sonra özəl sektorda rəhbər vəzifələrdə çalışıb. Digər halda isə Sumqayıt Tibb Mərkəzinin sabiq direktoru ziyanın ödənilməsi əsası ilə cinayət məsuliyyətindən azad edilib və sonradan yenidən yüksək vəzifələrə təyin olunub.
Deputatın fikrincə, bu cür hallar sistemdə ciddi boşluqlar yaradır və dövlətə etimadı zəiflədir. O, Cinayət Məcəlləsinin 308-1-ci maddəsinə edilən dəyişiklikdə bu yanaşmanın nəzərə alınmasının vacibliyini vurğulayıb.
Əli Hüseynov
Bakı 




