"Peşə təhsili müəssisələrində infrastrukturun yenilənməsi istiqamətində ümumilikdə 16 layihə icra olunur".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı brifinqdə məlumat verib.
Onun sözlərinə görə, 4 peşə təhsili müəssisəsində yenidənqurma və əsaslı təmir işləri artıq yekunlaşıb. Bunlara Cəlilabad və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzləri, eləcə də Tərtər və Neftçala Peşə Məktəbləri daxildir.
İ.Bayramlı qeyd edib ki, hazırda 5 müəssisədə yenidənqurma və əsaslı təmir işləri davam etdirilir. Bu müəssisələr sırasında Füzuli, Kəlbəcər və Şuşa Dövlət Peşə Təhsil Mərkəzləri, Quba Peşə Liseyi, həmçinin Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yer alır.
Bununla yanaşı, daha 7 peşə təhsili müəssisəsində yenidənqurma və əsaslı təmir layihələri hazırlanır. Layihələndirilən müəssisələr arasında Zəngilan, Qubadlı, Ağdam, Qax və Tovuz Dövlət Peşə Təhsil Mərkəzləri, Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi, eləcə də Salyan Peşə Liseyi var.
Agentlik sədrinin dediyinə görə, həyata keçirilən layihələr peşə təhsilinin maddi-texniki bazasının gücləndirilməsi və müasir tədris mühitinin formalaşdırılmasına xidmət edir.
Zeynəb Rzayeva
Bakı 



