"Azərbaycanda peşə təhsilində qadınların iştirakı artmaqda davam edir. Son üç ildə qəbul olunan qadınların payı 32 faizdən 40 faizə yüksəlib".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı brifinqdə məlumat verib.
Onun sözlərinə görə, 2025-ci ildə peşə təhsili müəssisələrinə qəbul olunan qadınların sayı 10 min 488 nəfər olub. Qadınlar ümumilikdə 127 ixtisas üzrə qəbul olunublar. Eyni zamanda, 40 ixtisasda qadınların payı 50 faizdən çox təşkil edib.
Brifinqdə bildirilib ki, qadınların üstünlük təşkil etdiyi ixtisaslar sırasında dayə (100 faiz), laborant-mikrobioloq (91,9 faiz), moda dizaynı (91 faiz), geyim üzrə dizayner (90,5 faiz), saç kəsimi/gözəllik (89,8 faiz) və qənnadçı-şirniyyatçı (88,6 faiz) yer alır.
İlqar Bayramlı qeyd edib ki, qadınların peşə təhsilinə cəlbinin artırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində onların bu sahədə təmsilçiliyi ildən-ilə genişlənir.
Zeynəb Rzayeva
Bakı 



