• Bakı 32° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.1726

"Neftçi" dağılır - Klubun sonluğu ilə bağlı VACİB DETALLAR

İDMAN

23 Iyul 2026 | 13:11

Neftçi dağılır - Klubun sonluğu ilə bağlı VACİB DETALLAR

Dünən "Dinamo" ilə oyundan sonra artıq diplomatik danışmağın, "vaxt lazımdır" deməyin, məğlubiyyəti müxtəlif bəhanələrlə ört-basdır etməyin mənası qalmayıb. Meydanda görünən komanda "Neftçi" deyildi. Bu, sadəcə ağ-qara forma geyinmiş futbolçular toplusu idi.

"Neftçi" uduzmadı. "Neftçi" dünən futbol adına təslim oldu.

Meydanda nə oyun planı vardı, nə xarakter, nə də qələbə istəyi. Rəqib hər top uğrunda döyüşürdü, bizim futbolçular isə sanki oyunun nə vaxt bitəcəyini gözləyirdi. Belə laqeydlik, belə məsuliyyətsizlik Azərbaycan futbolunun ən böyük klubuna yaraşmır.

Bu komandanın futbolçuları anlamalıdırlar ki, onlar sıradan bir klubun formasını geyinmirlər. Bu forma minlərlə azarkeşin sevgisini, onilliklərlə yazılmış tarixi və böyük bir irsi təmsil edir. Amma meydanda görünən mənzərə sanki bu dəyərlərə açıq hörmətsizlik idi.

İllərdir milyonlarla vəsait xərclənir. Legionerlər dəyişir, məşqçilər dəyişir, rəhbərlər dəyişir. Dəyişməyən bir şey var: Neftçi hər dəfə həlledici anda dağılır.

Artıq problem bir nəfərdə deyil. Problem sistemdədir. Bu klubun daxilində məsuliyyət anlayışı itib. Pis nəticədən sonra heç kim cavab vermir, heç kim üzr istəmir, heç kim istefa vermir. Sanki uğursuzluq adi hala çevrilib.

Azarkeş isə hər il eyni nağılı dinləyir:
"Yeni layihə qururuq..."
"Komanda formalaşır..."
"Səbirli olmaq lazımdır..."

Yox! Azərbaycan futbolunun ən köklü klubunun hər mövsüm yenidən qurulmağa ehtiyacı olmamalıdır. Böyük klub hər il bəhanə axtarmır, nəticə verir.

Ən ağrılı məqam isə odur ki, "Dinamo" "Neftçi"ni hansısa fövqəladə futbol oynayaraq məğlub etmədi. Sadəcə, daha intizamlı, daha istəkli və daha peşəkar idi. Bu isə "Neftçi" üçün ən ağır ittihamdır.

Əgər futbolçu bu formanı sonadək islatmırsa, əgər rəhbərlik uğursuzluğa görə məsuliyyət daşımırsa, əgər məşqçi komandaya xarakter aşılaya bilmirsə, onda bu klubun adı ilə yaşamaq mümkün deyil. Çünki "Neftçi" adı təkcə tarix deyil, həm də məsuliyyətdir.

Bu gün "Neftçi"ni ən çox məğlub edən rəqiblər deyil. Onu məhv edən öz daxilində kök salmış arxayınlıq, məsuliyyətsizlik və uğursuzluğa alışmaq xəstəliyidir.

Bu gedişlə "Neftçi" kuboklar uğrunda yox, keçmiş şöhrəti xatırlatmaq uğrunda mübarizə aparacaq. Və bu, nəticədən daha böyük məğlubiyyətdir.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Iyul 2026