Səudiyyə Ərəbistanı və ABŞ nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə əməkdaşlıq müqaviləsi imzalayıblar. Sazişin enerji mənbələrinin şaxələndirilməsi, qabaqcıl texnologiyaların təşviqi və iki ölkənin qarşılıqlı maraqlarına xidmət edən əməkdaşlıq və investisiya imkanlarının genişləndirilməsi səylərini dəstəklədiyi bildirilib.
Səudiyyə Ərəbistanı və ABŞ-nin nüvə sahəsindəki əməkdaşlığı gələcək üçün nələr vəd edə bilər? Bu əməkdaşlıq ABŞ-nin nüvə sahəsi ilə bağlı gücünü artıra bilərmi?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Rəşad Bayramov bildirib ki, ABŞ ilə Səudiyyə Ərəbistanı arasında nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə əməkdaşlıq sazişi Yaxın Şərqdə enerji siyasəti və geosiyasi münasibətlər baxımından olduqca mühüm hadisədir. Onun sözlərinə görə, bu razılaşma, ilk növbədə, Səudiyyə Ərəbistanının enerji mənbələrini şaxələndirmək, uzunmüddətli perspektivdə elektrik istehsalında nüvə enerjisinin payını artırmaq və yüksək texnologiyalara çıxış əldə etmək məqsədlərinə xidmət edir. ABŞ üçün isə bu əməkdaşlıq həm iqtisadi, həm də strateji baxımdan Yaxın Şərqdə təsir imkanlarının qorunması və genişləndirilməsi vasitəsi kimi çıxış edir.
Müsahibimiz deyib ki, Səudiyyə Ərəbistanı dünyanın ən böyük neft ixracatçılarından biri olsa da, son illərdə enerji siyasətində dəyişikliklər həyata keçirir:
“Əhalinin artması, sənayeləşmə və iqtisadiyyatın neftdən asılılığının azaldılması məqsədi ilə Səudiyyə alternativ enerji mənbələrinə, xüsusilə nüvə və bərpa olunan enerjiyə marağı artırır. Nüvə enerjisi Səudiyyə Ərəbistanına böyük həcmdə sabit elektrik istehsalı imkanı verə, eyni zamanda neft və qaz ehtiyatlarının daha çox hissəsini ixrac üçün qorumağa şərait yarada bilər".
R.Bayramovun fikrincə, ABŞ baxımından bu sazişin mühüm tərəflərindən biri qlobal nüvə texnologiyaları bazarında rəqabət məsələsidir.
"Son illərdə Çin və Rusiya Yaxın Şərqdə enerji və infrastruktur layihələrində fəallıqlarını artırıblar. Rusiya müxtəlif ölkələrdə nüvə reaktorlarının tikintisi layihələrində iştirak edir, Çin isə regionda iqtisadi təsirini genişləndirir. ABŞ-nin Səudiyyə Ərəbistanı ilə nüvə əməkdaşlığı Vaşinqtona bu strateji sahədə mövqelərini gücləndirmək və müttəfiqləri ilə texnoloji əlaqələri dərinləşdirmək imkanı verir”.

Rəşad Bayramov: Bu əməkdaşlıq enerji bazarlarının dəyişməsi, texnoloji rəqabət baxımından mühüm nəticələr yarada bilər
Politoloq bildirib ki, bu əməkdaşlıq ABŞ-nin nüvə sahəsində gücünü də müəyyən mənada artıra bilər. ABŞ şirkətləri üçün yeni bazarlar və investisiya imkanları yarana bilər, Amerika nüvə texnologiyalarının ixracı genişlənə bilər:
“Eyni zamanda Vaşinqton beynəlxalq nüvə təhlükəsizliyi standartlarının tətbiqinə təsir etmək imkanı əldə edər. Nüvə texnologiyalarının yayılması sahəsində əsas üstünlüklərdən biri yalnız reaktor satışı deyil, həm də təhlükəsizlik protokolları, yanacaq təminatı, texniki xidmət və kadr hazırlığı kimi uzunmüddətli əməkdaşlıq mexanizmləridir".
Bu razılaşmanın regional təhlükəsizlik baxımından müəyyən həssas tərəflərinin də olduğunu vurğulayan politoloq bildirib ki, Yaxın Şərqdə nüvə texnologiyalarının yayılması məsələsi xüsusilə İran amili fonunda diqqətlə izləniləsi məsələdir. Dediyinə görə, Səudiyyə Ərəbistanının nüvə proqramının inkişafı regionda strateji balans məsələlərini gündəmə gətirə bilər. Buna görə də nüvə əməkdaşlığının tamamilə dinc məqsədlərlə məhdudlaşdırılması, beynəlxalq nəzarət mexanizmlərinə uyğun həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır.
“Ümumiləşdirərək qeyd edim ki, ABŞ-Səudiyyə Ərəbistanı nüvə əməkdaşlığı gələcəkdə enerji bazarlarının dəyişməsi, texnoloji rəqabət və Yaxın Şərqdə strateji balans baxımından mühüm nəticələr yarada bilər. Bu saziş ABŞ-yə nüvə texnologiyaları sahəsində beynəlxalq mövqelərini möhkəmləndirmək imkanı versə də, onun əsas əhəmiyyəti Vaşinqtonun enerji diplomatiyasında və regiondakı geosiyasi təsir mübarizəsində əlavə imkan əldə etməsidir", - deyə Rəşad Bayramov əlavə edib.
Gülşən Şərif
Bakı 



