Bakı Sağlamlıq Mərkəzi (BSM) Səhiyyə Nazirliyinin yaratdığı Tibbi Rəqəmsal Əkiz Sisteminə (TRƏS) uğurla inteqrasiya olunub.
Bakıvaxtı.az xəbər verir ki, inteqrasiya nəticəsində Mərkəzdə son illər ərzində toplanmış 3,5 milyondan artıq tibbi məlumat vahid elektron platformaya köçürülərək vətəndaşların fərdi elektron sağlamlıq tarixçələrinə daxil edilib.
Qeyd olunur ki, bu addım Azərbaycanda rəqəmsal səhiyyə ekosisteminin formalaşdırılması istiqamətində mühüm mərhələ hesab edilir. Bundan sonra Bakı Sağlamlıq Mərkəzində formalaşan tibbi məlumatlar vahid TRƏS sistemində toplanacaq. Bu isə həm həkimlərin, həm də pasiyentlərin tibbi məlumatlara operativ çıxış imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.
Məlumata görə, Tibbi Rəqəmsal Əkiz Sistemi vətəndaşların sağlamlıq məlumatlarının beynəlxalq standartlara uyğun şəkildə toplanmasını, emalını və idarə olunmasını təmin edən mərkəzləşdirilmiş rəqəmsal platformadır. Sistem laborator müayinələrin və həkimə təkrar müraciətlərin sayının azalmasına, dövlət və özəl tibb müəssisələrində formalaşan tibbi məlumatların həkimlər üçün əlçatan olmasına, daha dəqiq klinik qərarların qəbul edilməsinə və tibbi yardımın fasiləsizliyinin təmin edilməsinə xidmət edir.
Bakı Sağlamlıq Mərkəzində tibbi xidmətlərin idarə olunması Xəstəxana İnformasiya Sistemi (NTİS) vasitəsilə həyata keçirilir. Bu sistemdəki məlumatlar tibbi informasiya mübadiləsi üzrə beynəlxalq HL7 FHIR standartına uyğunlaşdırılıb. İnteqrasiya çərçivəsində arxiv məlumatları vahid platformaya köçürülüb, bundan sonra isə yeni tibbi məlumatlar real vaxt rejimində avtomatik olaraq TRƏS-ə ötürüləcək.
Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov bildirib ki, TRƏS platformasına qoşulmaq müəssisənin rəqəmsal transformasiyasında mühüm mərhələdir.
"Bu sistem pasiyentlərin tibbi məlumatlarının vahid elektron xəstəlik tarixçəsində saxlanılmasını, eləcə də onların həyatı boyu toplanan tibbi məlumatlara operativ və təhlükəsiz çıxışın təmin edilməsini mümkün edəcək. Nəticədə tibbi xidmətlərin keyfiyyəti və əlçatanlığı əhəmiyyətli dərəcədə artacaq", – deyə o vurğulayıb.
Qeyd edək ki, Tibbi Rəqəmsal Əkiz Sisteminə giriş dövlətin rəqəmsal identifikasiya platforması olan "myGov ID" vasitəsilə həyata keçirilir. Bu mexanizm istifadəçilərin təhlükəsiz identifikasiyasını və şəxsi tibbi məlumatların yüksək səviyyədə qorunmasını təmin edir.
Hazırda Səhiyyə Nazirliyi digər dövlət və özəl tibb müəssisələrinin də TRƏS platformasına mərhələli şəkildə inteqrasiyası istiqamətində işləri davam etdirir. Mütəxəssislərin fikrincə, layihənin genişlənməsi ölkədə daha müasir, şəffaf və əlçatan səhiyyə xidmətlərinin inkişafına mühüm töhfə verəcək.
Bakı 






