Gündəlik həyatda ən çox eşidilən ifadələrdən biri də “vaxtım yoxdur” ifadəsidir. Texnologiyanın inkişafı, işlərin daha sürətli görülməsi üçün yaradılan yeni imkanlar və rəqəmsal həllər həyatımızı asanlaşdırmalı olduğu halda, əksinə, bir çox insan vaxt çatışmazlığından şikayət edir.
Maraqlıdır ki, bu ifadəni təkcə işgüzar insanlar deyil, müxtəlif yaş qruplarından və fərqli peşələrdən olan şəxslər də tez-tez səsləndirirlər.
Bəs cəmiyyətdə “vaxtım yoxdur” hissinin bu qədər geniş yayılmasının səbəbi nədir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında sosioloq Mətanət Məmmədova bildirib ki, indi "vaxtım yoxdur" ifadəsi insanların en çox işlətdiyi sözə çevrilib:
“İstər böyük şəhərlərdə, istərsə də ən ucqar kəndlərdə yaşayan insanlar eyni mənzərə ilə qarşı-qarşıyadırlar. Bunun əsas səbəbi isə rəqəmsal platformaların və sosial şəbəkələrin həyatımızın hər anına daxil olmasıdır. Əvvəllər rəqəmsal dünyadan kənar yaşadığımız dövrlərdə gün ərzində işlərimizi tamamlayar, işdən sonra qohumları ziyarət edər, qonşularla məhəllədə yığılıb söhbət edər və uşaqları gəzintiyə çıxarardıq. İndi isə bütün bu gözəl ənənələr geridə qalıb və insanlar boş vaxt tapan kimi dərhal rəqəmsal platformalara üz tuturlar”.
Sosioloq qeyd edib ki, smartfonlar artıq iş yerində də diqqətimizi dağıdır, hər saniyə gələn bildirişlərə baxmaq zərurəti yaradır.
“Telefonlar evdə, işdə, yolda, hətta yataqda və gündəlik şəxsi məkanlarımızda belə həmişə yanımızdadır” deyən müsahibimizin sözlərinə görə, bu asılılıq o həddə çatıb ki, sanki sosial şəbəkələrdəki hadisələri və trendləri izləməsək, həyatdan qopardığımızı və özümüzü yarımçıq hiss edirik. Nəticədə isə hər kəsin dilində tək bir "vaxtım yoxdur" cümləsi peydə olur”.

Məlahət Məmmədova: Sosial şəbəkələr həyatımıza bir zəli kimi yapışaraq zamanımızı əlimizdən alır
Sosioloqun fikrincə, “vaxtım yoxdur" dedikcə bir-birimizdən uzaqlaşır, qohumluq və qonşuluq münasibətlərini unudur, dostlarla görüşləri və uşaqlarımızın sağlam gəzintilərini arxa plana keçiririk:
“Valideyn-uşaq və ər-arvad münasibətlərində saatlarla davam edən o səmimi söhbətlər artıq edilmir. Əslində zaman dəyişməyib, gün yenə 24 saatdır və gördüyümüz işlər də əvvəlki kimi qalır. Dəyişən tək şey, vaxtımızı saatlarla rəqəmsal platformalarda xərcləməyimizdir”.
“Sosial şəbəkələr həyatımıza bir zəli kimi yapışaraq əsl dəyərlərimizi və zamanımızı əlimizdən alır”, - deyə Mətanət Məmmədova vurğulayıb.
Aynur Babazadə
Bakı 



