"Uzun müddət keçməyən öskürək bəzi hallarda ciddi xəstəliklərin ilkin əlaməti sayılır".
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, xüsusilə pandemiyadan sonra insanlar öskürək kimi simptomlara daha həssas yanaşır və bu da müəyyən narahatlıq yaradır. Buna görə də öskürək və qızdırma kimi əlamətlər yarandıqda vaxt itirmədən həkimə müraciət etmək vacibdir.
İradə Axundova bildirib ki, vərəm üçün xarakterik olan əsas simptomlardan biri 2-3 həftədən çox davam edən öskürəkdir. Onun sözlərinə görə, insanlar çox vaxt həkimə müraciət etmədən öskürəyi kəsən dərmanlardan istifadə etməyə çalışırlar, lakin vərəmə xas olan öskürək belə sadə dərmanlarla keçmir.
Direktor qeyd edib ki, uzun sürən öskürəklə yanaşı gecə tərləmələri, subfebril qızdırma, iştahanın azalması və səbəbsiz çəki itkisi kimi əlamətlər də müşahidə olunarsa, bu halda mütləq həkimə müraciət edilməlidir.
“Əgər öskürəyiniz uzun müddət davam edirsə, gecələr tərləmə, qızdırma, iştahsızlıq və çəki itkisi kimi əlamətlər varsa, dərhal həkimə müraciət edin və düzgün müayinə ilə müalicə olun”, - deyə İradə Axundova vurğulayıb.
Zeynəb Rzayeva
Bakı 




