Prezident İlham Əliyevin sərəncamına əsasən, ölkədə "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"də dəyişiklik olacaq. Yenilənmiş qanuna əsasən, ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi almaq istəyənlər bir sıra sənədləri təqdim etməli olacaqlar.
Bu sənədlərə sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatı, avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və tibb məntəqəsi ilə müqavilələri daxildir. Bundan başqa, tələb olunan sənədlər arasında ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirən sürücülərin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədləri, həmçinin qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, həmçinin avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təsdiq edən müvafiq icbari sığortası da olmalıdır.
Yeni texniki və dizayn tələblərinin hazırlanması təhlükəsizlik və xidmət keyfiyyəti baxımından hansı institusional dəyişiklikləri sürətləndirə bilər?
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.
Onun sözlərinə görə, nəzərdə tutulan dəyişikliklər fonunda avtomobilsə post-terminal olmalı, taksi avtomobilinin təmizliyinə və səliqəsinə diqqət edilməlidir:
"Qaydaların və sənədin 2 ay müddətinə hazırlanması nəzərdə tutulub. Sənəd hazırlanandan sonra təsirini görmək mümkün olacaq. İrəli sürülən təkliflərin necə qəbul olunacağı və icrası zamanla görünəcək”.
Müsahibimiz bildirib ki, ümumilikdə nəzərdə tutulan dəyişikliyin qiymət artımına səbəb olacağı gözlənilmir:
“Hazırda paytaxt Bakıda 41-42 min taksi fəaliyyət göstərir. Bakı üzrə bu limitin 25 min səviyyəsində olması qərarlaşdırılıb. Tələblərə uyğun gəlməyən taksilər sıradan çıxacaq".

Elməddin Muradlı: Vətəndaşlar öz haqlarını tələb etməyə çalışacaqlar ki, 1 il öncə verilən kartı niyə ləğv edirsiniz
E.Muradlı qeyd edib ki, tələblərə uyğun olmayan avtomobillərə kart verilməyəcək və mövcud kartları ləğv olunacaq.
"Lakin kartı ləğv olunan sürücülərlə mübahisələrin yaranması gözləniləndir. Vətəndaşlar öz haqlarını tələb etməyə çalışacaqlar ki, 1 il öncə verilən kartı niyə ləğv edirsiniz?! Ona görə də yeni qaydaları hazırlayacaq müvafiq qurumlar qeyd olunan halları nəzərə almalıdırlar", - deyə Elməddin Muradlı vurğulayıb.
Gülşən Şərif
Bakı 




