"Ölkədə bütün vərəm formalarının müalicəsi dövlət tərəfindən təmin olunur və xəstələr üçün pulsuzdur".
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, dünyada tanınan bütün müalicə sxemləri Azərbaycanda mövcuddur və dövlət proqramı çərçivəsində dərmanlar xəstələrə tam pulsuz təqdim olunur:
"Standart vərəm formalarının müalicəsi dörd ay davam edə bilər, davamlı vərəm hallarında isə müalicə 16-18 aya qədər uzana bilər".
Direktor vurğulayıb ki, hər bir vərəm növü ölkədə müalicə olunub tam sağalma əldə edə bilər. Bəzi insanlar yanlış olaraq alternativ üsullara və ya güclü antibiotiklərə inanır, lakin bunlar vərəm mikobakteriyasına təsir etmir və xəstəliyi sağalda bilməz.
İradə Axundova xəstələrə xatırladıb ki, düzgün diaqnostika və dövlət tərəfindən təmin olunan müalicə kursunu sona qədər davam etdirmək tam sağalma üçün kifayətdir.
Zeynəb Rzayeva
Bakı 




