Qar və buzlaqlar bir çox dağ çaylarının qida mənbəyini təşkil edir. Bu tip çayların mənbəyi yüksək zirvələr, hövzəsinin sahəsi isə geniş olduğundan su sərfiyyatı böyükdür.
Bakıvaxtı.az xəbər verir ki, bunu AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) nümayəndəsi Vasif Yəhyayev bildirib.
Onun sözlərinə görə, qar örtüyünün əriməsi aprel ayının əvvəlləri və ortasına təsadüf edir.
“Bu zaman çaylarda sel və daşqın hadisələri baş verir. Təbii fəlakətlər, dağıntılar, subasmalar baş verir ki, bu proseslər qar örtüyünün çoxluğuna görə proqnozlarda qabaqcadan təyin edilə bilir. Bununla yanaşı qar ehtiyatlarının əriməsi zamanı çaylarda olan bol su ehtiyatını anbarlarda depolayaraq yayda azsulu dövrdə istifadə etmək mümkündür. Buzlaqların əriməsində isə vəziyyət bir az fərqlidir. Çünki buzlaqlar yağan qarların üst-üstə sıxılaraq 100 illərlə davam edən prosesi nəticəsində yaranır. Əriməsi isə daha tez bir zamanda baş verir. Son dövrlərdə qlobal istiləşmə nəticəsində daha da intensivləşib”, - deyə SİMDNX nümayəndəsi vurğulayıb.
Qurum rəsmisi qeyd edib ki, ərimə prosesi əsasən iyul ayının sonu avqust ayının əvvəllərində havanın temperaturunun yüksəlməsi nəticəsində baş verir: “Ərimə buzlaqların sahə və həcminin kiçilməsinə, şirin su ehtiyatlarının azalmasına səbəb olur. Buzlaqların əriməsi nəticəsində sel və daşqın hadisəsi yaranmasa da çaylarda yay aylarında su sərfiyyatının artmasını görmək olar. Buzlaqlarla qidalanan çaylar əsasən Şahnabadçay, Mahmuddərəçaydır ki, bu çaylar Qusarçayın, Xınalıqçay isə Qudyalçayın yuxarı qollarıdır. Bu çayların qida mənbəyi buzlaq və qar suları olduğundan demək olar ki, ilboyu su sərfi digər çaylara nisbətən çoxdur”.
Hər il davamlı olaraq su ehtiyatlarının qiymətləndirilməsi işləri çərçivəsində respublikanın yüksək dağlıq ərazilərində qar və buz ehtiyatlarının öyrənilməsi üçün tədqiqatlar aparıldığını sözlərinə əlavə edən SİMDNX nümayəndəsi yüksək dağlıq ərazilərdə qar örtüyünün monitorinqinin hər il mart ayının birinci ongünlüyündə aparıldığını qeyd edib.
“Uzun illər bu monitorinqi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti həyata keçirib. 2025-ci ildən razılaşmaya əsasən Milli Hidrometeorologiya Xidməti tərəfindən həyata keçiriləcək ekspedisiya Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) əməkdaşları ilə birgə həyata keçirilib. Qar örtüyünün monitorinqi üçün ekspedisiya Böyük Qafqazın şimal-şərq, cənub yamaclarına Kiçik Qafqazın şimal-şərq yamacında yüksək zirvələrində aparılıb. Monitorinq zamanı əsas çayların mənbələrində qar marşrutu üzrə ölçmə işləri həyata keçirilib. Ölçmə işləri zamanı qarın orta hündürlüyü, sıxlığı və sululuğu hesablanaraq təyin edilib”, - deyə Vasif Yəhyayev bildirib.
Respublikada buz-su ehtiyatlarının qiymətləndirilməsi üçün hər ilin avqust ayında Böyük Qafqazın Tufandağ zirvəsinə tədqiqat aparılması üçün ekspedisiyalar təşkil olunduğunu deyən Vasif Yəhyayev Qusarçayın hövzəsində yerləşən buzlaqların öyrənilməsi üçün ADSEA yanında Suların İstifadəsinə Dövlət Nəzarəti Xidmətinin və Milli Hidrometeorologiya Xidməti tərəfindən 2025-ci ilin 18-23 avqust tarixlərində birgə ekspedisiya təşkil edildiyini sözlərinə əlavə edib: “Ekspedisiya zamanı buzlaqlar yerləşən dərələrin təsviri, dağ silsilələri və yamaclara görə yeri, tipi, ümumi istiqaməti, dərinliyi və dikliyinin təsviri, buzlaq səthinin relyefi üzərindəki çatlar, onların istiqaməti və ölçüləri, həmçinin buzlaq üzərində moren örtüyü, buzlaq dilinin vəziyyəti, quruluşu, dəyişmə dinamikası və digər zəruri amillər öyrənilib”.
Bakı 



