Martın 12-13-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində Qafqaz, Orta Asiya və Monqolustan Vergi Orqanları Rəhbərlərinin 3-cü Forumu keçirilib. Tədbir Beynəlxalq Valyuta Fondunun (BVF) və BVF-nin Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional Potensialın İnkişafı Mərkəzinin (CCAMTAC) dəstəyi ilə Özbəkistan Respublikasının Vergi Komitəsi tərəfindən təşkil olunub.
Bakıvaxtı.az xəbər verir ki, əsas mövzusu “Kölgə iqtisadiyyatı” ilə mübarizə” olan Forum vergi orqanlarının bu sahədə təcrübə mübadiləsinə töhfə verməyi hədəfləyib. Texniki sessiyalar çərçivəsində vergiqoyma sahəsində qlobal trendlər, transfer qiymətləri, vergi inzibatçılığının rəqəmsallaşdırılması, vergidən yayınma ilə mübarizə üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, vergi və gömrük administrasiyaları arasında əlaqələrin genişləndirilməsi müzakirə olunub.
Açılış mərasimində BVF-nin Fiskal Məsələlər Departamenti direktorunun müavini Marqaret Kotton, Özbəkistan Respublikası Vergi Komitəsinin sədri Fərrux Pulatov, Özbəkistan Respublikası İqtisadiyyat və Maliyyə nazirinin müavini Axadbek Xaydarov mövzu ətrafında çıxış ediblər.
Tədbirdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərlinin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. DVX rəisi “Azərbaycanın vergi sistemi: inkişaf və perspektivlər” mövzusunda təqdimatla çıxış edib. Xidmət rəisi ölkəmizin vergi sisteminin inkişaf hədəfləri, vergi inzibatçılığında prioritet istiqamətlər, əldə edilmiş nəticələr, mövcud çağırışlar və strateji istiqamətlər barədə məlumat verib. Bildirilib ki, “Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üçün strategiyası”nda təsbit olunan strateji fəaliyyət istiqamətləri vergi sisteminin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə təkan verəcək.
DVX rəisi 2019-cu ildən bəri Azərbaycanın vergi sistemində sahibkarlığa fəal dəstək, “kölgə iqtisadiyyatı” ilə mübarizə səylərinin gücləndirilməsi, şəffaflığın artırılması, ədalətli rəqabətin qorunması, intizamlı vergi ödəyicilərinə fərqli yanaşmalar və vergi siyasəti alətlərindən fəal istifadə ilə xarakterizə olunan transformasiya prosesinin nəticələrini qeyd edib. Vergi sisteminin iqtisadiyyatın inkişafında töhfəsi, “kölgə iqtisadiyyatı” ilə mübarizədə rolu və biznes mühitinin təkmilləşdirilməsində möhkəmlənən mövqeyi vurğulanıb.
Təqdimatın davamında risk əsaslı nəzarətin gücləndirilməsinin, rəqəmsallaşmanın və süni intellektin təhlükəsiz tətbiqinin, davamlı peşəkar inkişaf və institusional dayanıqlığın, dəyişən makroiqtisadi şərait fonunda qarşılıqlı səmərəli fəaliyyət və dialoqun əhəmiyyəti diqqətə çatdırılıb. Xidmət rəisi qeyd edib ki, könüllü əməletmə səviyyəsinin qorunması və artırılması, rəqəmsal vergi inzibatçılığında elektronlaşma və avtomatlaşdırmanın genişləndirilməsi, informasiya təhlükəsizliyinin təmin olunması prioritet təşkil edən məsələlər sırasındadır.
Forumun çərçivəsində, həmçinin, “kölgə iqtisadiyyatı” ilə mübarizə, o cümlədən qeyri-formal məşğulluğun azaldılması istiqamətində müxtəlif ölkələrin reallaşdırdığı tədbirlər və layihələr ətrafında işgüzar müzakirələr və təcrübə mübadiləsi aparılıb.
Bakı 




