• Bakı C

    0.8 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

Azərbaycan-Aİ arasında yeni mərhələ başlaya bilər

SİYASƏT

13 Mart 2026 | 17:09

Azərbaycan-Aİ arasında yeni mərhələ başlaya bilər

Qlobal siyasi və texnoloji proseslərin sürətlə dəyişdiyi bir dövrdə beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar təkcə üzv ölkələr üçün deyil, tərəfdaş dövlətlər üçün də mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Avropa İttifaqı tərəfindən gündəmə gətirilən rəqəmsal hüquqların qorunması, sosial siyasətin gücləndirilməsi və terrorizm qurbanlarının anılması kimi məsələlər qlobal siyasi diskussiyanın əsas mövzularından birinə çevrilib.

Bu təşəbbüslər yalnız Avropa məkanı ilə məhdudlaşmır, eyni zamanda Aİ ilə siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlıq edən ölkələr üçün də müəyyən istiqamətlər formalaşdırır. 

Aİ-nin rəqəmsal hüquqlar, sosial siyasət və terrorizm qurbanlarının xatirəsinin qorunması kimi istiqamətlərdə formalaşdırdığı yeni siyasi gündəlik Azərbaycanın strateji maraqları ilə hansı nöqtələrdə kəsişir və bu proses ölkə üçün hansı imkanlar və çağırışlar yarada bilər?

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Avropa İttifaqı prezidentinin Azərbaycana səfəri regionda yeni siyasi reallıqların qəbul edildiyini göstərir və eyni zamanda Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində rəqəmsal hüquqlar, sosial siyasət və terrorizm qurbanlarının xatirəsinin anılması kimi məsələlər müzakirə olunub. Gözlənildiyi kimi, enerji siyasəti ilə bağlı mövzular da geniş şəkildə gündəmdə olub.

Politoloqun sözlərinə görə, hazırda Azərbaycanın tranzit rolu daha da əhəmiyyətli xarakter alıb. İranda baş verən müharibə və Rusiya ilə Ukrayna arasındakı müharibə fonunda Avropa Çindən Avropaya malların daşınması üçün alternativ və daha sərfəli marşrutlar axtarır. Bu baxımdan Azərbaycan həmin marşrutun əsas hissələrindən biri kimi diqqət mərkəzinə çıxır:

"Son dövrlərdə dövlət başçısı tərəfindən süni intellekt sahəsinin inkişafı ilə bağlı qəbul edilən qərarlar da Avropa İttifaqının marağına səbəb olan məsələlərdən biridir. Süni intellektin geniş tətbiqi və ölkənin mərhələli şəkildə rəqəmsal sistemə keçidi istiqamətində atılan addımlar Azərbaycanın bu sahədə inkişaf strategiyasını genişləndirdiyini göstərir. Bu səbəbdən Avropa İttifaqının rəqəmsal sahəyə investisiya qoymaq imkanlarının yaranacağı ehtimalı da istisna edilmir".

Zeynal Əmrəliyev: Azərbaycanın tranzit rolu daha da əhəmiyyətli xarakter alıb

Z.Əmrəliyev bildirib ki, sosial siyasət istiqamətində də ardıcıl addımlar atılır. Son dövrlərdə sosial məsələlərlə bağlı qəbul edilən qanun və qərarlar bu sahədə aparılan siyasətin davamlı xarakter daşıdığını göstərir. Avropa İttifaqı prezidentinin Bakıya səfəri zamanı Şəhidlər Xiyabanını ziyarət etməsi və şəhidlərin xatirəsini yad etməsi də Azərbaycanın mənəvi dəyərlərinə göstərilən hörmət kimi qiymətləndirilə bilər:

"Ümumilikdə, rəsmi Bakı ilə Brüssel arasında müxtəlif sahələr üzrə əməkdaşlığın genişlənməsi ehtimalı yüksək qiymətləndirilir. Bununla yanaşı, Avropa institutlarının Azərbaycana münasibətdə bəzi hallarda nümayiş etdirdiyi qərəzli mövqenin aradan qaldırılması da vacib məsələlərdən biri kimi qalır. Xüsusilə Avropa Şurası Parlament Assambleyası kimi qurumların Azərbaycana münasibətdə mövqeyi hələ də müzakirə mövzusu olaraq qalır. Məlum olduğu kimi, Azərbaycan nümayəndə heyəti hazırda həmin qurumun tədbirlərində iştirak etmir".

Müsahibimiz bildirib ki, bu baxımdan Avropa İttifaqının belə institutlarla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verməsi vacib hesab olunur. Ümumilikdə isə qeyd etmək olar ki, bu səfər Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafı baxımından əhəmiyyətli siyasi hadisə kimi dəyərləndirilə bilər.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR