Yaxın Şərqdə ABŞ və İran arasında baş verən qarşıdurma getdikcə daha geniş coğrafiyanı əhatə etməyə başlayır.
Son günlər yayılan məlumatlar göstərir ki, münaqişə artıq yalnız iki ölkə arasında hərbi gərginliklə məhdudlaşmır, regionun digər dövlətlərini və strateji infrastrukturlarını da potensial hədəfə çevirir. ABŞ tərəfi İranın zəiflədiyini və təzyiq altında geri çəkilə biləcəyini iddia etsə də, Tehranın verdiyi siqnallar bunun əksini göstərir. İran rəsmiləri açıq şəkildə bildirirlər ki, Vaşinqton hərbi əməliyyatları dayandırsa belə, regiondakı Amerika hərbi mövcudluğu təhlükə altında qalmağa davam edəcək.
Regiondan gələn xəbərlər münaqişənin çoxvektorlu xarakter aldığını göstərir. Bir tərəfdən İranın pilotsuz uçuş aparatlarının və raketlərinin Körfəz ölkələrinə doğru yönəldiyi barədə məlumatlar yayılır, digər tərəfdən Türkiyə hava məkanına daxil olduğu iddia edilən ballistik raketin NATO hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyi açıqlanır.
Eyni zamanda, Dubay Beynəlxalq Maliyyə Mərkəzinin yaxınlığında partlayış baş verdiyinə dair xəbərlər də gərginliyin iqtisadi və maliyyə infrastrukturlarına qədər uzana biləcəyini göstərir. Bu proseslər Yaxın Şərqin artıq təkcə hərbi deyil, həm də iqtisadi təhlükəsizlik baxımından risk zonasına çevrildiyini nümayiş etdirir.
Bütün bunların fonunda ABŞ daxilində də müharibənin qiyməti müzakirə olunmağa başlayıb. Rəsmi açıqlamalara görə, əməliyyatların ilk günlərində belə milyardlarla dollar vəsait xərclənib və Vaşinqton bu xərcin artacağı ehtimalını gizlətmir. ABŞ administrasiyası əməliyyatların davam etdirilməsində qərarlı olduğunu bəyan etsə də, müharibənin uzunmüddətli perspektivdə nə qədər davam edə biləcəyi açıq sual olaraq qalır. Xüsusilə enerji bazarlarında yaranan gərginlik və Hörmüz boğazı ətrafındakı risklər qlobal iqtisadiyyat üçün əlavə təzyiq yaradır.
Mövcud vəziyyət göstərir ki, tərəflərdən heç biri sürətli nəticə əldə edə bilməyib. İran hərbi və siyasi təzyiqə baxmayaraq geri çəkilmədiyini nümayiş etdirməyə çalışır, ABŞ isə regiondakı hərbi üstünlüyünə güvənərək strateji təzyiqi davam etdirir. Bu isə münaqişənin qısa müddətdə bitəcəyindən daha çox, mərhələli şəkildə uzana biləcəyi ehtimalını gücləndirir. Əgər tərəflərdən biri ciddi strateji üstünlük əldə etməzsə, Yaxın Şərqdə yeni və daha mürəkkəb təhlükəsizlik böhranının formalaşması ehtimalı artır.
Alim Nəsirov
Bakı 




