Azərbaycan xırdabuynuzlu heyvanların taunu (Peste des petits ruminants – PPR) xəstəliyindən azad ölkə statusu Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən təsdiq edilib.
Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, aparılan epizootoloji nəzarət tədbirləri, monitorinqlər, laborator müayinələr və xəstəliyin ölkə ərazisində qeydə alınmamasını təsdiq edən məlumatlar əsasında hazırlanmış müvafiq hesabat ÜHST-yə təqdim edilib. Hesabat ÜHST-nin 2026-cı ilin fevral ayında keçirilmiş Heyvan Xəstəlikləri üzrə Elmi Komissiyasının iclasında ətraflı qiymətləndirilib və müsbət rəy verilib. Bununla da, Azərbaycanın xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad ölkə statusunun 2025-ci il üzrə illik təsdiqi həyata keçirilib.
Qeyd edək ki, sözügedən statusun saxlanılması ilə bağlı yekun qərarın ÜHST-nin 2026-cı ilin may ayında keçiriləcək Baş Assambleyasında qəbul ediləcək müvafiq qətnamə ilə rəsmiləşdirilməsi nəzərdə tutulur.
Bakı 




