• Bakı C

    3.25 m/s

  • USD - 1.7

    EUR - 1.9607

    RUB - 2.1452

Azərbaycanın qlobal inteqrasiyası: regiondan dünyaya uzanan əməkdaşlıq siyasəti

LAYİHƏ

13 Mart 2026 | 12:04

Azərbaycanın qlobal inteqrasiyası: regiondan dünyaya uzanan əməkdaşlıq siyasəti

6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qarşısında duran ən mühüm vəzifələrdən biri beynəlxalq münasibətlər sisteminə inteqrasiya etmək, dünya dövlətləri ilə siyasi, iqtisadi və mədəni əlaqələri formalaşdırmaq idi.

Xüsusilə 1991-ci ildə dövlət müstəqilliyinin əldə olunması ilə Azərbaycan yeni geosiyasi reallıqlar şəraitində öz xarici siyasət kursunu müəyyənləşdirməyə başladı. Bu mərhələdə ölkənin əsas məqsədi beynəlxalq hüququn subyekti kimi tanınmaq, regional və qlobal təşkilatlarda təmsil olunmaq və müxtəlif dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmaq idi.

1992-ci ildə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına qəbul olunması ölkənin dünya birliyinə inteqrasiyası baxımından mühüm addımlardan biri oldu. Sonrakı illərdə Azərbaycan bir sıra nüfuzlu beynəlxalq təşkilatların üzvünə çevrildi, müxtəlif siyasi və iqtisadi platformalarda fəal iştirak etməyə başladı. Bu proses xüsusilə 1993-cü ildən sonra sistemli xarakter aldı və ölkənin xarici siyasətində balanslaşdırılmış, çoxşaxəli əməkdaşlıq strategiyası formalaşdı.

Azərbaycanın region ölkələri ilə əlaqələrinin genişləndirilməsi də inteqrasiya siyasətinin mühüm istiqamətlərindən biri olub. Xəzər hövzəsi, Cənubi Qafqaz və Avrasiya məkanında həyata keçirilən iri enerji və nəqliyyat layihələri ölkənin beynəlxalq əməkdaşlıq imkanlarını daha da genişləndirdi. “Əsrin müqaviləsi” kimi tanınan 1994-cü il neft müqaviləsi Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasında dönüş nöqtəsi hesab olunur. Bu layihə ölkəyə böyük xarici investisiyaların cəlb olunmasına, eyni zamanda beynəlxalq enerji bazarında mühüm tərəfdaş kimi mövqeyinin güclənməsinə şərait yaratdı.

Sonrakı illərdə Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və digər regional layihələr Azərbaycanın region ölkələri və qlobal tərəfdaşlarla əməkdaşlığını daha da dərinləşdirdi. Eyni zamanda Azərbaycan Avropa, Asiya və digər region dövlətləri ilə siyasi dialoq və iqtisadi əməkdaşlıq formatlarını genişləndirərək beynəlxalq münasibətlər sistemində aktiv və etibarlı tərəfdaş kimi çıxış etməyə başladı.

Ölkənin Avropa Şurasına üzv qəbul edilməsi Azərbaycanın Avropa siyasi və hüquqi məkanına inteqrasiyasında mühüm mərhələ hesab olunur. Bu üzvlük ölkədə demokratik institutların inkişafına, insan hüquqları sahəsində beynəlxalq standartların tətbiqinə və hüquqi islahatların həyata keçirilməsinə əlavə stimul verib.

Eyni zamanda Azərbaycan region ölkələri ilə çoxtərəfli əməkdaşlıq mexanizmlərində də fəal iştirak edir. Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi, Xəzər regionunda iqtisadi və nəqliyyat layihələrinin həyata keçirilməsi, həmçinin Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsi ölkənin xarici siyasətində mühüm yer tutur.

Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı humanitar və mədəni sahələri də əhatə edir. Ölkə müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməklə qlobal dialoq və əməkdaşlıq platformalarının formalaşmasına töhfə verir. Bakıda keçirilən beynəlxalq forumlar, mədəniyyətlərarası dialoq təşəbbüsləri və idman tədbirləri Azərbaycanın beynəlxalq arenada tanınmasına və nüfuzunun artmasına xidmət edir.

Azərbaycanın 2024-cü ildə keçirilən COP29-a ev sahibliyi etməsi ölkənin beynəlxalq nüfuzunun və qlobal gündəmdə rolunun artmasının mühüm göstəricilərindən biri kimi qiymətləndirilir.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası çərçivəsində təşkil olunan bu konfrans hər il dünyanın on minlərlə nümayəndəsini, dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatların təmsilçilərini, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir. 2024-cü ildə tədbirin Baku şəhərində keçirilməsi Azərbaycanın qlobal iqlim gündəliyində fəal iştirak edən ölkələrdən biri kimi qəbul edildiyini göstərir.

COP29 çərçivəsində iqlim maliyyələşdirilməsi, enerji keçidi, karbon emissiyalarının azaldılması və dayanıqlı inkişaf kimi məsələlər müzakirə olunub. Bu tədbir Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığının genişlənməsinə, müxtəlif ölkələrlə yeni tərəfdaşlıq formatlarının formalaşmasına və qlobal problemlərin həllində daha aktiv rol oynamasına əlavə imkanlar yaradıb.

Eyni zamanda belə mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkənin diplomatik imkanlarının, təşkilati potensialının və beynəlxalq etimad səviyyəsinin göstəricisi kimi də qiymətləndirilir. Bu baxımdan COP29 Azərbaycanın dünya birliyinə inteqrasiyası və qlobal əməkdaşlıq sistemində rolunun möhkəmlənməsi istiqamətində mühüm mərhələlərdən biri hesab olunur.

Beləliklə, Azərbaycanın dünya birliyinə inteqrasiyası uzunmüddətli və çoxşaxəli bir proses kimi formalaşmışdır. Region ölkələri ilə əməkdaşlığın genişləndirilməsi, beynəlxalq təşkilatlarda fəal iştirak, enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi ölkənin qlobal siyasi və iqtisadi sistemdə mövqeyini gücləndirib. Bu siyasət Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınmasına və dünya birliyi ilə əlaqələrinin davamlı şəkildə inkişaf etməsinə şərait yaradıb.

Mövzuyla bağlı Bakıvaxtı.az-a a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Azərbaycanın son illərdə həm regional, həm də qlobal məkanda nüfuzu və təsir imkanları əhəmiyyətli dərəcədə artıb. Buna görə də ölkə tədricən dünyada önəmli və təşəbbüskar dövlətlər sırasına daxil olmağa başlayıb. Hazırda Azərbaycan bir sıra qlobal problemlərin müzakirə və həlli prosesində birbaşa iştirak edən aktor kimi çıxış edir.

Politoloqun sözlərinə görə, xüsusilə Azərbaycanın ABŞ prezidenti Donald Tramp tərəfindən yaradılmış Sülh Şurasına daxil edilməsi ölkənin qlobal məkandakı nüfuzunun göstəricisi kimi qiymətləndirilir. Müsahibimiz qeyd edib ki, Azərbaycan hazırda Qəzza böhranı kimi onilliklərdir davam edən mürəkkəb problemlərin müzakirəsi və həlli istiqamətində də iştirak edən tərəflərdən biri kimi diqqət çəkir. Bununla yanaşı, digər istiqamətlər üzrə də Azərbaycanın uğurlu diplomatik mövqeləri formalaşıb:

"Bu nəticələr əsasən Azərbaycanın son illərdə balanslaşdırılmış və çoxvektorlu xarici siyasət yürütməsi ilə bağlıdır. Rəsmi Bakı həm böyük dövlətlər arasında balansı qorumağa nail olur, həm də bir-biri ilə rəqabət aparan və müxtəlif geosiyasi düşərgələrdə yer alan ölkələrlə qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq münasibətləri qurur.

Məsələn, Azərbaycan hazırda həm ABŞ, həm də Çin ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Bu isə ölkəyə hər iki böyük güclə normal və balanslı əməkdaşlıq qurmaq üçün əlverişli şərait yaradır və Azərbaycanın beynəlxalq məkandakı təsir imkanlarını genişləndirir".

Həmsöhbətimiz bildirir ki, eyni zamanda bu siyasət Cənubi Qafqaz regionunda Azərbaycanın geosiyasi iradə sahibi olan dövlət kimi mövqeyini daha da gücləndirir. Son illərdə ölkənin strateji əhəmiyyəti nəzərəçarpacaq dərəcədə artıb. Regionda maraqları olan böyük güclər artıq Azərbaycanın geosiyasi mövqeyi ilə hesablaşmaq və ilk növbədə Bakı ilə anlaşmaq zərurətini nəzərə almağa məcbur qalırlar:

"Bununla yanaşı, Azərbaycan Avropa ilə Asiya arasında mühüm geostrateji körpü rolunu oynayır. Bu amil ölkəni həm Avropa, həm də Asiya üçün strateji əhəmiyyətə malik və əvəzolunmaz tərəfdaşlardan birinə çevirir.

Bütün bu faktorlar Azərbaycanın həm beynəlxalq, həm də regional səviyyədə qarşıya qoyduğu hədəflərə çatmasına mühüm töhfə verir. Xüsusilə də Azərbaycan artıq xaricdə fəaliyyət göstərən ermənipərəst dairələrin təzyiqlərinə qarşı daha inamlı və qəti mövqe sərgiləmək imkanına malikdir".

E.Xalidbəyli qeyd edib ki, bunun səbəbi Azərbaycanın hazırda qalib dövlət statusuna malik olması, eyni zamanda qlobal miqyasda strateji əhəmiyyət daşıyan ölkələrdən birinə çevrilməsidir. Bu isə ölkənin gələcək inkişaf perspektivlərini daha da genişləndirən əsas amillərdən biri kimi qiymətləndirilir.

Zeynəb Rzayeva

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

 


SON XƏBƏRLƏR