Bir çox insan allergiya əlamətlərini soyuqdəymə ilə səhv salır və illərlə düzgün diaqnoz almadan müalicə olunur.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib.
Onun sözlərinə görə, insanlar tez-tez allergik əlamətləri qrip və ya soyuqdəymə hesab edirlər:
“Çox zaman pasiyentlər bildirirlər ki, ildə 3-4 dəfə qrip olurlar. Amma əslində bu hallar soyuqdəymə deyil, allergiya ilə bağlı ola bilər”.
G.Əliyeva qeyd edib ki, allergiya ilə soyuqdəyməni ayırd etmək o qədər də çətin deyil:
“Soyuqdəymə zamanı adətən ilk mərhələdə hərarət, üşütmə və halsızlıq olur. Allergiyada isə bu əlamətlər müşahidə edilmir”.
Pulmonoloq bildirib ki, simptomların davametmə müddəti də əsas fərqlərdəndir:
“Sadə soyuqdəymə adətən 5-7 gün davam edir. Allergiya isə həftələrlə, hətta aylarla davam edə bilər və daha çox mövsümi xarakter daşıyır”.
Onun sözlərinə görə, asqırmanın forması belə fərq yaradır:
“Allergiyada asqırmalar daha ardıcıl və təkrarlanan şəkildə olur. Soyuqdəymədə isə bu qədər intensiv olmur”.
G.Əliyeva əlavə edib ki, burun axıntısı və göz simptomları da fərqləndirici əlamətlərdəndir:
“Allergiyada burun axıntısı daha şəffaf və dəyişməz konsistensiyada olur. Soyuqdəymədə isə rəng və sıxlıq dəyişə bilər. Gözlərdə qaşınma allergiya üçün daha xarakterikdir. Soyuqdəymədə əsasən qızartı və sulanma olur, amma allergiyada qaşınma da müşahidə edilir”.
Pulmonoloq vurğulayıb ki, uzunmüddətli və təkrarlanan şikayətlər zamanı mütləq mütəxəssisə müraciət edilməlidir.
Zeynəb Rzayeva
Bakı 




