q
  • Bakı 10° C

    10.45 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.2677

Saxta məlumatlar insanların həyatını təhlükəyə atır: Çıxış yolu nədir?

CƏMİYYƏT

29 Aprel 2026 | 15:37

Saxta məlumatlar insanların həyatını təhlükəyə atır: Çıxış yolu nədir?

Saxta məlumatlar cəmiyyətdə ciddi çaşqınlığa səbəb olur. Saxta məlumatlar bu mühitdə emosiyaları, nifrəti və qərəzi körükləyərək cəmiyyəti kəskin qütblərə ayırır.

İnsanlar doğru ilə yanlışı ayırd etməkdə çətinlik çəkdikdə informasiya mənbələrinə, peşəkar mediaya,  dövlət qurumlarına inamlarını itirirlər. Sosial media alqoritmləri istifadəçilərə onların mövcud baxışlarını dəstəkləyən məlumatları önə çıxarır. Saxta xəbərlər çox vaxt böhran anlarında, məsələn, pandemiya, münaqişə və ya iqtisadi tərəddüdlər zamanı daha sürətlə yayılır. Yanlış tibbi məlumatlar və ya süni şəkildə yaradılmış panika ictimai asayişin pozulmasına və insanların həyatını təhlükəyə atan qərarlar verməsinə gətirib çıxarır. Ekspertlərin fikrincə, bu təhdidlərin qarşısını almaq üçün kompleks yanaşma tələb olunur.

Media eksperti Müşfiq Ələsgərli Bakıvaxtı.az-a açıqlamasında deyib ki, saxta xəbərlər, dezinformasiya mahiyyət etibarilə qədim dövrlərin məhsuludur və rəqabət, münaqişə, müharibələrlə həmyaşıd sayılır. Onun sözlərinə görə, Davos Forumu dezinformasiyanı qarşıdakı illərdə dünyanı təhdid edən risklər sırasında ikinci yerdə göstərib:

“Dezinformasiya, ümumilikdə “feyk xəbər”in sürətlə yayılmasının səbəbləri barədə danışarkən, iki mühüm amil önə çəkilir. Onlardan biri internet informasiya resurslarının, xüsusilə sosial şəbəkə platformalarının kəmiyyət və forma baxımından çoxalmasıdır. Qeyd olunur ki, sosial şəbəkə platformaları “saxta xəbər”i digər kommunikasiya tiplərinə nisbətən, 6 dəfə sürətlə yayırlar. Auditoriyaları da böyükdür”.

Son statistikaya görə, dünya əhalisinin 70 faizə yaxını sosial şəbəkə platformalardan istifadə edir. Ona görə də insanlar xəbərin doğruluğundan şübhələnərkən, bunu yoxlamaq üçün ilk növbədə peşəkar media qurumlarının səhifələrinə baxmalıdırlar:

“Diqqət etməlidirlər ki, bu xəbər digər peşəkar media platformaları tərəfindən yayılıbmı, ya yox. Əgər digərləri tərəfindən yayılmayıbsa, deməli, saxtadır. Həmçinin, saxtalığından şübhələndiyin xəbərin rəsmi qurumlar tərəfindən təsdiqlənib-təsdiqlənmədiyinə də baxmaq lazımdır”.

Müşfiq Ələsgərli: Milli subyektlər saxta xəbəri realdan ayırmaq üçün tətbiq edilən üsullardan xəbərdar olmalıdırlar

M.Ələsgərli əlavə edib ki, son dövrlərdə informasiya məkanını dezinformasiya axınından qorumaq üçün yeni vasitələr tərtib edilir:

“Artıq inkişaf etmiş ölkələr yerli qanunları təkmilləşdirərək dezinformasiya ilə mübarizə üçün hazırlayırlar. Digər tərəfdən, dezinformasiyaya qarşı sistemli mübarizə aparmaq sahəsində əlahiddə inzibati idarələr yaradırlar. Fransa, Almaniya, o cümlədən qardaş Türkiyədə  və digər bir çox ölkələrdə bu praktikadan istifadə edilir. Əlahiddə inzibati qurumlar formalaşdırılır. Həmin qurumlar informasiya məkanına daxil olan dezinformasiyaları operativ şəkildə müəyyənləşdirib zərərsizləşdirirlər. Azərbaycanda Medianın İnkişafı Agentliyi də bu istiqamətdə fəaliyyət qurur. İnformasiya məkanımızı çirkləndirmək məqsədilə dövriyyəyə buraxılan dezinformasiyalar Agentlik tərəfindən müəyyən edilərək haqqında təkzibedici açıqlamalar verilir. Bu işin effektiv olması üçün media subyektlərinin üzərinə də mühüm vəzifə düşür. Milli subyektlər yeni texnologiyalar sahəsində bilik və bacarıqlarını artırmalı, saxta xəbəri real xəbərdən ayırmaq üçün tətbiq edilən üsullardan xəbərdar olmalıdırlar. Həmçinin, saxta olduğunu bildikləri xəbərlərdən sensassiya naminə istifadə etməməlidirlər”.

Aydın Baxış


SON XƏBƏRLƏR