Bahar aylarında havada tozcuqların artması allergik şikayətlərin çoxalmasına səbəb olur.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib.
Onun sözlərinə görə, yaz allergiyası immun sisteminin əslində zərərsiz maddələrə həddindən artıq reaksiya verməsi nəticəsində yaranır:
“Yaz allergiyası dediyimiz hal orqanizmin zərərsiz bir tozcuğa qarşı verdiyi cavab reaksiyasıdır. İmmun sistemi həmin maddəni təhlükəli qəbul edir və buna qarşı mübarizə aparmağa başlayır”.
G.Əliyeva bildirib ki, yaz aylarında hava şəraitinin dəyişməsi və tozcuqların artması allergik reaksiyaları gücləndirir:
“Azərbaycanda xüsusilə mart-aprel aylarında qovaq, çinar, fındıq kimi ağacların tozcuqları havada daha çox olur. May və iyun aylarında isə əsasən çəmən və ot tozcuqları ilə bağlı allergik şikayətlər artır”.
Pulmonoloq qeyd edib ki, allergiyanın müxtəlif əlamətləri müşahidə oluna bilər:
“Ən çox rast gəlinən simptomlar burun axıntısı, burunda qaşınma və tutulma hissi, gözlərdə qaşınma, bəzən isə qulaqlarda dolğunluq hissidir”.
Onun sözlərinə görə, bəzi hallarda allergiya tənəffüs yollarına da təsir göstərə bilir:
“Əgər proses dərinləşərsə, nəfəs almaqda çətinlik, sinədə sıxıntı hissi, gecə yatarkən fitverici tənəffüs və fışıltılı nəfəsalma müşahidə oluna bilər. Bu artıq bronxların da prosesə qoşulduğunu göstərir”.
G.Əliyeva vurğulayıb ki, allergik əlamətlər müşahidə olunduqda vaxtında mütəxəssisə müraciət etmək vacibdir.
Zeynəb Rzayeva
Bakı 




