Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mayın 1-dən OPEK və OPEK+ təşkilatlarını tərk edəcək.
Bəs bu qərar neft bazarında güc balansını hansı istiqamətdə dəyişə bilər?
Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, əslində, OPEK-in kartel kimi fəaliyyət göstərdiyi çoxdan məlumdur. OPEK-in qərarları bazara birbaşa müdaxilədir və bunun başqa adı yoxdur. Bu, kartel razılaşmasıdır. Bir çox ölkədə bu cür sövdələşmələr qadağandır. Çünki üzv ölkələr hasilatı azaltmaqla qiymətləri artırmağa çalışırlar:
"Neft qiymətlərinin yüksək olduğu bir dövrdə, Birləşmiş Ərəb Əmirlikləri OPEK-dən çıxaraq hasilat məhdudiyyətlərini aradan qaldırır. Bu isə o deməkdir ki, ölkə daha çox neft hasil edib bazara çıxarmağa və öz milli maraqları çərçivəsində hərəkət etməyə çalışacaq. Mövcud şərait bunu stimullaşdırır, çünki neftin qiyməti 110-120 dollar diapazonundadır".

Natiq Cəfərli: OPEK tədricən qlobal neft bazarında həlledici rolunu itirir
Ekspertin sözlərinə görə, əgər paralel olaraq müharibə səngisə və Hörmüz boğazı, eləcə də İran ətrafında müəyyən razılaşmalar əldə olunsa, o zaman Birləşmiş Ərəb Əmirliklərinin məhdudiyyətsiz hasilatı artırması qiymətlərin aşağı düşməsinə səbəb ola bilər:
"Beləliklə, qeyd olunan amillər yaxın vaxtlarda reallaşarsa, neftin qiymətinin ilkin mərhələdə 80-90 dollar aralığına enməsinin şahidi ola bilərik. Bu proses ümumilikdə OPEK-i zəiflədir. OPEK+ razılaşmasından ən çox fayda əldə edən tərəf Rusiya idi. Çünki hasilat məhdudiyyətləri qiymətlərin yüksəlməsinə xidmət edirdi və bu da Rusiyanın maraqlarına uyğun idi. Şübhəsiz ki, Səudiyyə Ərəbistanının da maraqları var idi, lakin əsas qazanan tərəf daha çox Rusiya idi. Görünən odur ki, baş verənlər Rusiyanın neft bazarındakı dominant mövqeyini zəiflədən amilə çevrilir".
N.Cəfərli qeyd edib ki, OPEK tədricən qlobal neft bazarında həlledici rolunu itirir. Amerika Birləşmiş Ştatları həm öz enerji ehtiyatlarına, həm də Venesuela nefti üzərində təsir imkanlarına görə artıq təşkilat böyükgücə malikdir. Əgər İranla bağlı məsələlər də həllini tapsa, ABŞ-nin neft bazarında ən azı OPEK qədər dominant mövqeyə yüksəlməsi mümkündür:
"Birləşmiş Ərəb Əmirlikləri də bu reallığı anlayır və indidən dəyişən güc balansına uyğun strategiya qurmağa çalışır".
Zeynəb Rzayeva
Bakı 




