q
  • Bakı 10° C

    10.45 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.2677

Allergiya irsi problemdir? - HƏKİM DANIŞDI

CƏMİYYƏT

29 Aprel 2026 | 15:07

Allergiya irsi problemdir? - HƏKİM DANIŞDI

Valideynlərdə allergiyanın olması uşaqlarda da allergik xəstəliklərin yaranma riskini artır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib.

Onun sözlərinə görə, allergiyada genetik faktor mühüm rol oynayır:

“Əgər valideynlərdən birində allergiya varsa, uşaqlarda risk təxminən 20-30 faiz artır. Hər iki valideyndə allergik xəstəlik olduqda isə bu göstərici 50-60 faizə qədər yüksəlir”.

Həkim vurğulayıb ki, bu, uşağın mütləq allergiyalı olacağı anlamına gəlmir:

“Belə uşaqlar sadəcə daha meyilli olur və risk qrupuna daxil edilirlər. Allergiyanın yaranmasına təsir edən digər amillər də mövcuddur”.

G. Əliyeva bildirib ki, erkən uşaqlıq dövründə müşahidə olunan bəzi dəri problemləri gələcək allergik xəstəliklərin ilkin siqnalları ola bilər:

“Xüsusilə atopik dermatit, ekzema və müxtəlif dəri səpkiləri yaşayan uşaqlarda sonrakı dövrdə allergik rinit və ya astma kimi xəstəliklərin inkişaf riski artır”.

Onun sözlərinə görə, bu proses tibbdə “atopik yürüş” adlandırılır:

“Bu, allergiyanın bir mərhələdən digərinə keçməsi kimi qiymətləndirilir. Məsələn, erkən yaşda dəri allergiyası olan uşaqlarda sonrakı mərhələdə tənəffüs yolları allergiyası yarana bilər”.

Pulmonoloq əlavə edib ki, həddindən artıq steril mühitdə böyüyən uşaqlarda da allergiya riski yüksələ bilər:

“İmmun sisteminin sağlam formalaşması üçün uşaqların müəyyən qədər xarici mühitlə təması vacibdir. Tam steril şəraitdə böyüyən uşaqlarda immun sistemi kifayət qədər ‘məşq’ keçmir və nəticədə adi allergenlərə qarşı belə həddindən artıq reaksiya yarana bilir”.

Həkim sonda qeyd edib ki, uşaqlarda immun sisteminin düzgün inkişafı üçün balanslı və təbii mühit mühüm əhəmiyyət daşıyır.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR