İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə Heyətinin sədri Nail Mərdanov ilə internetin idarə edilməsinə məsul beynəlxalq qurumlardan biri olan Təyin olunmuş Adlar və Nömrələr üzrə İnternet Korporasiyasının (ICANN) vitse-prezidenti Kris Mondini arasında görüş keçirilib.
Bu barədə Bakıvaxtı.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.
Görüş Bakıda keçirilən Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı çərçivəsində “ICANN” rəhbərliyi ilə aparılan ilkin müzakirələrin davamı olaraq baş tutub.
Görüşdə tərəflər Azərbaycanın domen adları üzrə idarəçilik modelinin gücləndirilməsi, milli DNS infrastrukturunun dayanıqlığının artırılması, eləcə də təhlükəsiz və sabit internet ekosisteminin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Azərbaycanın qlobal internet idarəçiliyi proseslərində daha fəal və sistemli şəkildə iştirakı, ən yaxşı beynəlxalq təcrübələrin ölkədə tətbiqi və müvafiq sahədə tənzimləmə çərçivəsinin təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.
Müzakirələr zamanı, həmçinin “ICANN” tərəfindən texniki bilik mübadiləsi, İKTA əməkdaşları üçün potensialın artırılması proqramları, yerli mütəxəssislər üçün təlim və seminarların təşkili, eləcə də siyasət və normativ çərçivələrin inkişafında ekspert dəstəyinin göstərilməsi imkanları nəzərdən keçirilib. “ICANN” nümayəndələri Azərbaycanın regionda innovasiya və rəqəmsal inkişaf proseslərinə verdiyi töhfəni yüksək qiymətləndirərək, bu sahədə əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını bildiriblər.
İKTA rəhbərliyi bildirib ki, Agentlik yarandıqdan sonra nizamnaməsinə uyğun olaraq informasiya-kommunikasiya texnologiyaları sahəsində bir sıra fəaliyyətin qanunvericilik tələblərinə uyğunlaşdırılmasının monitorinqlərinə başlayıb. Azərbaycanın domen adları sisteminin mövcud vəziyyəti, qanunvericilik tələblərinə uyğunlaşdırılmanın zəruriliyi, çətinliklər və müşahidə olunan boşluqlar barədə məlumat verilib. Ölkədə bu sahə üzrə həm ictimaiyyət, həm də dövlət qurumları tərəfindən müəyyən narahatlıqların mövcud olduğu diqqətə çatdırılıb. Bildirilib ki, “ICANN” ilə daha sıx əməkdaşlıq domen idarəçiliyində şəffaflığın, koordinasiyanın və dayanıqlığın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
“ICANN” rəsmiləri Azərbaycanın internet idarəçiliyi imkanlarının genişləndirilməsi, regional və qlobal təşəbbüslərdə iştirakının artırılması və milli domen ekosisteminin möhkəmləndirilməsi istiqamətində səylərini dəstəkləməyə hazır olduqlarını bildiriblər. Onlar yaxın dövr üçün birgə seminarlar, texniki sessiyalar və ekspert görüşlərinin keçirilməsi təşəbbüsünə müsbət yanaşdıqlarını qeyd ediblər.
Görüşdə İKTA və “ICANN” əməkdaşlığı dərinləşdirmək və qarşıdakı aylarda Azərbaycanda domen idarəçiliyinin inkişafına dair birgə Yol Xəritəsi hazırlamaq barədə razılığa gəlib.
Bakı 



